“Bakı Qızlar Universitetinin akkreditasiyadan keçməməsi həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr və onların valideynləri arasında narahatlıq yaradıb. Bu məsələ ilə bağlı mənə müraciət edənlər çıxış yolu ilə maraqlanır, bəziləri isə müxtəlif təkliflərə inanaraq dələduzların qurbanına çevrilmək riski ilə üzləşə bilər”.
Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib:

“Bir daha xatırladıram ki, qanuni yolla dövlət qəbul sistemi vasitəsilə ali təhsil müəssisəsinə qəbul olunmuş heç bir tələbə məğdur edilmir. Əgər Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılarsa, orada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi təmin ediləcək. Bu təcrübə ölkəmizdə əvvəllər də tətbiq olunub.
Məsələn, Qafqaz Universiteti fəaliyyətini dayandırdıqdan sonra həmin universitetin tələbələri Bakı Mühəndislik Universitetində təhsillərini davam etdirdilər.
Bəzi vətəndaşlar vaxtilə Beynəlxalq Universitet, Asiya Universiteti, Təfəkkür Universiteti və digər ali təhsil müəssisələrinin bağlanmasını xatırlayaraq oxşar narahatlıq keçirirlər. Lakin unutmaq olmaz ki, qanuni yolla qəbul olunan tələbələrin təhsil hüququ dövlət tərəfindən qorunur. Problem əsasən qanunvericiliyin tələblərinə uyğun qəbul olunmayan şəxslərlə bağlı yaranıb.
Qısası, hər hansı özəl ali təhsil müəssisəsi fəaliyyətini dayandırarsa, qanuni yolla qəbul olunmuş tələbələrin təhsillərini digər ali təhsil müəssisələrində davam etdirmələri təmin edilir. Buna görə də tələbə və valideynlərin təşvişə düşməsinə əsas yoxdur”.
Qeyd edək ki, Akkreditasiya Şurasının növbəti iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.
Qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Şəbnəm












