Azərbaycan–Almaniya münasibətləri: Avropa ilə tərəfdaşlıq dərinləşir

İyunun 20–21-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfər edib.

Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanıb.

Həmçinin hər iki ölkənin prezidenti mətbuata birgə bəyanatla çıxış edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Almaniya arasında uzun illər ərzində formalaşmış münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını bildirib. Dövlət başçısı vurğulayıb ki, mövcud beynəlxalq şərait siyasi dialoqun daha da dərinləşdirilməsini, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsini zəruri edir.

O, keçirilən görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin ətraflı müzakirə olunduğunu da qeyd edib.

Bəs Almaniya–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyması Azərbaycanın beynəlxalq mövqeyinə və nüfuzuna necə təsir göstərə bilər?

Bu istiqamətdə atılan addımlar ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından hansı perspektivləri vəd edir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi:

“Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun daha da intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Almaniya arasında formalaşan əməkdaşlıq artıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, investisiya və biznes əlaqələri tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir. Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması, neft tədarükünün davam etməsi və gələcəkdə bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir”.

Deputat qeyd edib ki, Almaniya şirkətlərinin Azərbaycanda artan fəaliyyəti, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi münasibətlərin daha sistemli və davamlı inkişafına xidmət edəcək.

“Eyni zamanda, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizdə artan rolu ölkəmizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı logistik mərkəzə çevirərək bu istiqamətdə Almaniya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanaraq həm ikitərəfli, həm də daha geniş regional əməkdaşlığın inkişafına mühüm töhfə verməyə davam edəcək.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı səsləndirilən mesajlar Azərbaycanın regionda sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürütdüyünü bir daha nümayiş etdirdi. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlər və sülh prosesinin yeni mərhələyə keçməsi Cənubi Qafqazda davamlı sabitliyin formalaşması üçün mühüm zəmin yaradır.

Bu baxımdan Almaniyanın konstruktiv mövqeyi və regional dialoqa verdiyi töhfənin yüksək qiymətləndirilməsi iki ölkə arasında siyasi münasibətlərin strateji xarakter daşıdığını göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında son dövrlərdə intensivləşən yüksək səviyyəli təmaslar ölkəmizin Avropa ilə tərəfdaşlığının yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi bu prosesdə mühüm rol oynaması gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır”,-deyə deputat əlavə edib.

Tural Gəncəliyevin fikrincə səfər çərçivəsində imzalanmış strateji sənədlər və onların icrası məqsədilə nəzərdə tutulan mexanizmlər Azərbaycan–Almaniya əlaqələrinin konkret nəticələrə yönəlmiş praktiki əməkdaşlıq müstəvisində inkişaf edəcəyini göstərir.

“Bu isə təkcə iki ölkənin milli maraqlarına deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycanın həyata keçirdiyi ardıcıl xarici siyasət kursu ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir və regionda sülh, sabitlik və əməkdaşlığın təşviqinə verdiyi töhfəni daha da artırır”,-deyə Tural Gəncəliyev fikirlərini yekunlaşdırıb.

 

Şəbnəm Rəhimova

Gununsesi.info