Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin qaynar xəttindən verilən məlumata görə, Endoskopik Ultrasəs (EUS) müayinəsinin gələcəkdə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.
Qurumun bildirdiyinə əsasən, hazırda EUS müayinəsi xidmətlər zərfinə daxil deyil və bu səbəbdən tibbi sığorta hesabına qarşılanmır.
Gununsesi.info xəbər verir ki, bununla yanaşı, gələcəkdə bu xidmətin tibbi sığorta zərfinə əlavə olunması planlaşdırılır.
EUS həzm sistemi xəstəliklərinin diaqnostikasında istifadə olunan müasir müayinə üsullarından biridir. Bu metod mədə, qida borusu, mədəaltı vəzi, öd yolları və digər həzm sistemi orqanlarının daha dəqiq qiymətləndirilməsinə imkan verir. Müayinə xüsusilə mədəaltı vəzi xəstəliklərinin, submukozal törəmələrin və bəzi şişlərin erkən aşkarlanması və mərhələləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, xidmətlər zərfinə yeni tibbi xidmətlərin daxil edilməsi müvafiq qiymətləndirmə və qərarvermə prosesindən sonra həyata keçirilir. Hazırda EUS müayinəsinin tibbi sığorta hesabına göstərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib.
Vüsal












