Yaponiyada istilər can alır: Bir həftədə 45 nəfər ölüb

  • Müəllif: Orxan
  • 29 İyul 2026 14:33

Yaponiyada güclü istilər nəticəsində son bir həftədə 18,6 minə yaxın insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 45-i həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin təcili tibbi yardım xidmətinin fəaliyyətinə cavabdeh olan Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 20-26-sı tarixlərini əhatə edən dövrdə xəstəxanalara günvurma diaqnozu ilə 18 min 600-ə yaxın şəxs çatdırılıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artaraq 2026-cı ilin ən yüksək səviyyəsinə çatıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 710 nəfərdən çoxunun vəziyyəti ağır olduğundan onların üç həftədən artıq müalicə alması tələb olunub.

Zərərçəkənlərin təxminən 58 faizini yaşı 65-dən yuxarı olan şəxslər təşkil edir.

Qeyd edək ki, Yaponiyada iyulun 21-dən etibarən ardıcıl beş gün ərzində bəzi bölgələrdə havanın temperaturu 40 dərəcə Selsini keçib.

Gununsesi.info