Həkim: “Həkim çatışmazlığının səbəblərini görmədən yalnız həkimləri qınamaq doğru deyil”

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 22:09

Son günlər ölkədə həkim çatışmazlığı, uzun növbələr, tibbi xidmətin keyfiyyəti və xüsusilə gecə növbələrində həkim qıtlığı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən həkim Aydın Əliyev bildirib ki, mövcud problemlərin səbəbləri araşdırılmadan məsuliyyətin yalnız həkimlərin üzərinə qoyulması düzgün yanaşma deyil.

Onun sözlərinə görə, həkimlərə qarşı zorakılıq halları, təhqirlər, COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi zamanı həyatını itirən, şəhid olan, yaralanan və sağlamlığını itirən tibb işçilərinə lazımi dəyərin verilməməsi, bonus ödənişlərinin aylarla gecikdirilməsi və ya ləğv edilməsi, xəstəxanaların maddi-texniki bazasının yetərincə yenilənməməsi, eləcə də həkimlərin gün ərzində 50-60 pasiyent qəbul etməyə məcbur qalması bugünkü vəziyyətin formalaşmasında mühüm rol oynayıb.

Aydın Əliyev əlavə edib ki, gənc həkim-rezidentlərin aşağı əməkhaqqı ilə çalışdırılması da onların xarici ölkələrdə işləməyə üstünlük verməsinə səbəb olur.

“Hələ də həkimləri qınayırlar. Ancaq həkimləri bu vəziyyətə salanlara güldən ağır söz demirlər. Çox təəssüf”, – deyə həkim qeyd edib.

Elmar
Gununsesi.info