Mütəxəssis: “Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması yaxşı xəbər deyil”

  • Müəllif: Orxan
  • 31 İyul 2026 09:22

Təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə bağlı qərarı təəssüf hissi ilə qarşıladığını bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, ölkədə universitetlərin ümumi sayı onsuz da azdır və özəl ali təhsil müəssisələrinin sayı daha da məhduddur. Bu isə tələbə sayının bölüşdürülməsinə və ali təhsil sektorunda rəqabət mühitinə ciddi təsir göstərir.

“Məncə, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması heç də yaxşı xəbər olmadı. Universitetlərin ümumi sayı onsuz da az, özəl universitetlərin sayı isə daha az idi. Bu amil tələbə sayının artmasına, eləcə də rəqabət mühitinə ciddi təsir edirdi. Təəssüf ki, daha bir universitet də bu siyahıdan çıxdı”, – deyə Elmin Nuri qeyd edib.

Mütəxəssis əlavə edib ki, universitet tədris keyfiyyəti baxımından seçilən ali məktəblərdən olmasa da, onun fəaliyyətini dayandırmaq əvəzinə inkişaf etdirmək, mövcud çatışmazlıqları aradan qaldırmaq və təhsil məzmununu yeniləmək daha məqsədəuyğun olardı.

Onun fikrincə, belə problemlərin həlli üçün islahatların aparılması universitetin bağlanmasından daha səmərəli nəticə verə bilər.

Elmar

Gununsesi.info