Ümumtəhsil məktəblərində idarəetmənin əsas sənədlərindən biri əmr kitabıdır.
Qaydalara əsasən, üç nəfərdən az olmayan işçisi olan məktəblərdə vahid əmr kitabı aparılır və bu sənəd daimi saxlanılır.
Əmr kitabında təlim-tərbiyə prosesinə dair göstəriş və sərəncamlar, müəllim və digər işçilərin işə qəbulu və işdən azad edilməsi, məzuniyyətə çıxması, ezamiyyətə və ixtisasartırma kurslarına göndərilməsi rəsmiləşdirilir. Həmçinin dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə say tərkibi, məktəbə yeni qəbul edilənlərin adlı siyahısı, məktəbdən ayrılan şagirdlər, dərs saatlarının və sinif rəhbərliklərinin müəllimlər arasında bölüşdürülməsi, fənn kabinetlərinin təhkim edilməsi, eləcə də həvəsləndirmə və intizam tənbehləri də bu kitabda öz əksini tapır.
Bundan başqa, pedaqoji şuranın şagirdlərin imtahanlara buraxılması, IX və XI (XII) sinifləri bitirməsi və digər məsələlər üzrə qəbul etdiyi qərarlar məktəb üzrə əmrlərlə rəsmiləşdirilir. Şagirdlərin adları siniflər üzrə pedaqoji şuranın protokolunda göstərilir, əmrlərdə isə yalnız ümumi nəticələr qeyd olunur.
Əmr kitabının bütün səhifələri nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Günay












