Bu gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə bacı və iki qardaşının batdığı ərazidə daha əvvəl 4 dost da həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Fərid İlhamoğlu Baku TV-yə bildirib.
O əlavə edib ki, FHN tərəfindən aparılmış monitorinqlər zamanı bu kimi qayalıq və təhlükəli ərazilər ən riskli məkanlar kimi qeydə alınıb:
“Hətta onların adlarını da çəkmək istərdim. Belə ki, Mərdəkan-Şüvəlan qəsəbəsində yerləşən “Şimal” DRES, “Milqaya”, Bilgəh qəsəbəsi, Nardaran qəsəbəsində yerləşən 12-ci dalan və “Daçnik”, Novxanı qəsəbəsindəki Sarıqaya və Sahil qəsəbəsində yerləşən “Mayak” kimi tanınan ərazilər ən təhlükəli məkanlar hesab edilir.
Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür ərazilərə daxil olaraq həyatlarını təhlükəyə atmasınlar. Çünki həmin yerlər bol qayalıqlar, sualtı axınlar, yarğanlar və çuxurlarla zəngindir. Bu xüsusiyyətlər insan həyatı üçün ciddi təhlükə yaradır”.












