ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadat Taliban rejiminə qarşı fəaliyyət göstərəcək “Birləşmiş Əfqanıstan Cəbhəsi” adlı hərbi qruplaşmanın yaradıldığını elan edib.
Gununsesi.info-nun xəbərinə görə, general Sadat bildirib ki, təşkilatın məqsədi “Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır”.
Onun sözlərinə görə, qruplaşma Taliban rəhbərliyini və üzvlərini hədəf alacaq, eyni zamanda beynəlxalq humanitar hüququn tələblərinə əməl edəcək.
Qeyd edək ki, Sami Sadat 2021-ci ildə Talibanın hakimiyyətə qayıdışına qədər Əfqanıstan Milli Ordusunun tanınmış komandirlərindən biri olub.
O, Helmand vilayətində Talibanla döyüşlərə rəhbərlik edib, daha sonra 215-ci “Maiwand” korpusunun komandiri təyin olunub. Talibanın 2021-ci ilin avqustunda Kabili ələ keçirməsindən sonra ölkəni tərk edən Sadat mühacirətdə Taliban hakimiyyətini legitim hesab etmədiyini dəfələrlə bəyan edib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Gununsesi.info-ya bildirib ki, hazırda Taliban əleyhinə fəaliyyət göstərən qrupların hərbi imkanları məhdud olsa da, Sami Sadatı digər müxalif fiqurlardan fərqləndirən əsas amil onun ABŞ və NATO hərbi sistemində formalaşmış peşəkar komandir olmasıdır.
Politoloqun sözlərinə görə, əgər Sadat müxtəlif müxalif qüvvələri vahid komandanlıq altında birləşdirə və xarici dəstək əldə edə bilsə, bu, Taliban üçün ciddi təhlükəyə çevrilə bilər.
Turan Rzayev hesab edir ki, Talibanın son dövrlərdə ABŞ və İsrailin İrana qarşı siyasətini tənqid etməsi və Tehranı dəstəkləyən bəyanatlar verməsi fonunda Sadatın rəhbərlik etdiyi yeni qruplaşmanın meydana çıxması diqqətçəkən prosesdir.
Onun fikrincə, bu inkişafın ABŞ-la əlaqəsi barədə hazırda qəti nəticə çıxarmaq mümkün olmasa da, proses regionda yeni geosiyasi dinamikanın formalaşdığını göstərə bilər.
Orxan












