Bakıda istirahət cib yandırır: Çimərliklərdə qiymətlər rekord həddə

  • Müəllif: Orxan
  • 04 Avqust 2026 10:55

Yay mövsümü insanların ilboyu gözlədiyi, dincəlmək, ailəsi ilə vaxt keçirmək istədiyi dövrdür.

Ancaq Azərbaycanda, xüsusilə də Bakıda istirahət artıq rahatlıq deyil, ciddi maliyyə yükünə çevrilib.

Çimərliyə və ya aquaparka getməzdən əvvəl insanlar ilk növbədə dənizi, günəşi yox, bank kartındakı məbləği hesablayırlar. Bu isə istirahətin mahiyyətini tamamilə dəyişir.

Dünyanın bir çox ölkəsində turizm və istirahət obyektləri müştərinin məmnuniyyətini qazanmağa, onu yenidən geri qaytarmağa çalışdığı halda, Azərbaycanda bəzi obyektlərdə əsas məqsəd bir günlük gəlirdən maksimum qazanc əldə etmək təsiri bağışlayır.

Giriş qiymətlərindən tutmuş, ən sadə içməli suyun dəyərinə qədər hər şey vətəndaşın cibinə hesablanmır.

Bu mənada, Bakıda fəaliyyət göstərən bir sıra məşhur çimərlik və istirahət mərkəzlərində qiymətlər narazılıq doğurur.

Gununsesi.info-nun xəbərinə görə, bir çox məşhur yerlərdə ən aşağı giriş qiyməti 25-30 manat civarındadır.

Bununla yanaşı, adi qazsız suyun belə bir çox yerlərdə 5-6manata satılması müştərilər tərəfindən haqlı narazılıqla qarşılanır.

Ziyarətçilərin sözlərinə görə, bəzi yerlərdə girişdə çantaların yoxlanılması da əsasən kənardan su və qida gətirilməsinin qarşısını almağa hesablanıb.

Əslində, problem yalnız yüksək qiymətlər deyil.

İstehlakçılar hesab edirlər ki, təqdim olunan xidmətin keyfiyyəti əksər hallarda ödənilən məbləğə uyğun gəlmir. Bahalı giriş haqqı ödəyən insanlar elementar rahatlıq, təmizlik və normal xidmət gözləyirlər. Lakin bir çox hallarda bu gözləntilər doğrulmur.

Dəniz hər kəsindir. İstirahət də cəmiyyətin yalnız imkanlı təbəqəsi üçün nəzərdə tutulmuş imtiyaz yox, hər bir vətəndaşın normal həyat tərzinin ayrılmaz hissəsi olmalıdır. İnsanlar dəniz kənarına dincəlməyə gedərkən hər addımda əlavə ödəniş, süni məhdudiyyət və şişirdilmiş qiymətlərlə qarşılaşmamalıdırlar.

Qiymət siyasətinin bazar prinsipləri ilə müəyyənləşməsi təbiidir. Lakin bu siyasət vətəndaşın alıcılıq qabiliyyəti, göstərilən xidmətin keyfiyyəti və sağlam rəqabət prinsipləri ilə uzlaşmadıqda narazılıqlar qaçılmaz olur. İstirahətin lüks deyil, əlçatan xidmətə çevrilməsi isə həm sahibkarların, həm də aidiyyəti qurumların diqqət yetirməli olduğu əsas məsələlərdən biridir.

Elmar

Gununsesi.info