Beynəlxalq aləmdə ən təhlükəli tendensiyalardan biri hüquqi proseslərə siyasi simpatiya prizmasından yanaşılmasıdır. Təəssüf doğuran haldır ki, bəziləri faktları və hüquqi müstəvini bir kənara qoyaraq öz mövqelərini məqsədli çağırışlar üzərində qururlar. Belə yanaşma nə ədalətə, nə də beynəlxalq hüquqa xidmət etmir.
Türk əsilli amerikalı tədqiqatçı Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı açıq məktub bu baxımdan ciddi xəbərdarlıqdır. Məktub müəllifi Talebi Ruben Vardanyanla bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır və bildirir ki, Vardanyan barədə beynəlxalq müzakirələrdə onun fəaliyyəti ilə bağlı irəli sürülmüş ittihamlar, müxtəlif araşdırmalarda yer alan iddialar və Azərbaycanda çıxarılmış məhkəmə hökmü lazımi diqqət görmür.
Azərbaycan otuz ilə yaxın işğalın ağrılarını yaşamış dövlətdir. Onminlərlə insan həyatını itirib, bir milyon vətəndaş doğma yurd-yuvasından didərgin salınıb. Belə bir tarixi gerçəkliyin fonunda Azərbaycanın təhlükəsizlik və hüquq məsələlərinə həssas yanaşmasını görməzdən gəlmək yalnız qərəzin nəticəsidir. Münaqişənin nəticələrini yaşamış bir xalqın səsini eşitmədən yalnız bir şəxsin taleyi üzərində beynəlxalq kampaniya qurmaq ədalət anlayışını darmadağın edir.
Əgər beynəlxalq ictimaiyyət doğrudan da ədaləti müdafiə etdiyini iddia edirsə, eyni prinsip və eyni meyar bütün hallara şamil edilməlidir. Əks halda yüksək tribunadan səslənən bəyanatlar həqiqətin müdafiəsi deyil, siyasi mövqelərin legitimləşdirilməsidir. İkili standartlar isə heç vaxt sülh yaratmır. Onlar yalnız etimadsızlığı dərinləşdirir və beynəlxalq hüququn zədələnmis reputasiyasina ciddi zərbə vurur.

Azər Niftiyev












