Sosial şəbəkələr azyaşlıların təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalıdır

“Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə sosial şəbəkələr cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib:

“Uşaqlar və yeniyetmələr də bu platformalardan geniş istifadə edirlər. İnternet mühitində zərərli məzmun, kibertəzyiq, kiberbullinq, şəxsi məlumatların qanunsuz toplanması, müxtəlif psixoloji təsirlər və onlayn təhlükələr də artmaqdadır. Məhz buna görə dünyanın bir çox ölkəsində azyaşlıların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün yeni hüquqi mexanizmlər tətbiq edilir və sosial şəbəkələrin məsuliyyəti artırılır.

Azərbaycanın da bu istiqamətdə yaşa görə sosial şəbəkə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdirməsi qlobal çağırışlara uyğun atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu qərar ilk növbədə uşaqların və yeniyetmələrin hüquqlarının qorunmasına, onların internetdən təhlükəsiz istifadə etməsinə və rəqəmsal mühitdə daha sağlam inkişafına xidmət edir.

Yaş məhdudiyyətlərinin tətbiqi sosial şəbəkələr üçün sadəcə formal tələb deyil. Bu, platformaların istifadəçilərin yaşını daha məsuliyyətli şəkildə yoxlamasını, azyaşlılar üçün xüsusi təhlükəsizlik mexanizmləri yaratmasını və onların qarşılaşa biləcəyi riskləri minimuma endirməsini təşviq edir. Cərimə mexanizminin mövcudluğu isə bu tələblərin real icrasını təmin edən mühüm vasitələrdən biridir. Əks halda, hüquqi öhdəliklər praktikada lazımi səviyyədə yerinə yetirilməyə bilər.

Azərbaycanda zaman-zaman “Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” platformalarında yerli xəbər resurslarının və informasiya səhifələrinin bloklanması, paylaşımların görünürlüğünün məhdudlaşdırılması, saxta və ya koordinasiyalı şikayətlər nəticəsində hesabların fəaliyyətinin dayandırılması ilə bağlı iddialar səsləndirilir. Belə hallarda qərarların əksəriyyətinin avtomatlaşdırılmış sistemlər və süni intellekt alqoritmləri vasitəsilə verilməsi, platformaların ölkədə yerli nümayəndəliyinin olmaması səbəbindən operativ izahat və ya hüquqi müdafiə imkanlarının məhdud qalması narahatlıq doğurur.

Bu vəziyyət təkcə ayrı-ayrı istifadəçilər və media qurumları üçün deyil, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. Çünki ictimai əhəmiyyət daşıyan məlumatların yayılmasına təsir göstərən qərarlar xarici platformalar tərəfindən qəbul edilir və həmin qərarların əsaslandırılması, onlardan şikayət verilməsi və ya məsuliyyət mexanizmləri hər zaman kifayət qədər şəffaf olmur. Nəticədə, yerli informasiya məkanına təsir imkanları genişlənir və milli maraqların qorunması ilə bağlı suallar yaranır.

Məhz bu baxımdan sosial şəbəkələrin fəaliyyətinə dair yeni hüquqi tələblərin müəyyənləşdirilməsi təkcə uşaqların qorunması məqsədi daşımır, həm də rəqəmsal platformaların məsuliyyətinin artırılmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri sosial media şirkətlərini ölkənin hüquqi tələblərinə daha ciddi yanaşmağa, istifadəçilərin hüquqlarını qorumağa, qərarlarının əsaslandırılmasını təmin etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə təşviq edir”.

 

 

Günay

Gununsesi.info