Aqşin Yenisey: “XX əsrdə islamın radikallaşmasının əsas səbəbi din deyil, dinlə bütünləşmiş millətçilikdir”

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 11:13

Yazıçı-publisist Aqşin Yenisey XX əsrdə islamın radikallaşmasının səbəbləri ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, XX əsrdə islamın radikallaşması birbaşa dinin özü ilə deyil, dinlə bütünləşmiş ərəb və fars millətçiliyi ilə bağlı proses kimi qiymətləndirilməlidir.

Müəllifin fikrincə, 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra bölgədə formalaşan siyasi-ideoloji mühit islamla bütünləşmiş ərəb millətçiliyinin daha da sərtləşməsinə səbəb olub.

Onun sözlərinə görə, 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi bu meyilləri gücləndirib.

Aqşin Yenisey qeyd edir ki, fələstinli ilahiyyatçı Abdullah Azzam Əfqanıstanda müxtəlif ölkələrdən ərəb könüllülərinin cəmləşməsində mühüm rol oynayıb və bu proses sonradan Əl-Qaidə kimi terror şəbəkəsinin yaranmasına zəmin hazırlayıb.

Yazıçı İran nümunəsinə də toxunaraq bildirib ki, şah rejimi dövründə dövlətin fars millətçiliyi və Sasani irsi üzərində qurulmasına cəhd edilsə də, şiəliklə bütünləşmiş fars millətçiliyi fərqli istiqamətdə inkişaf edib.

Onun qənaətincə, bu ideoloji ziddiyyət 1979-cu il İran İnqilabına aparan amillərdən biri olub.

Aqşin Yenisey sonda vurğulayıb ki, dinlə milli ideologiyanı eyniləşdirmək düzgün deyil.

Onun sözlərinə görə, müsəlman olmaqla ərəb millətçisi olmaq, eləcə də şiə olmaqla fars millətçisi olmaq eyni anlayışlar deyil.

Müəllif hesab edir ki, radikallaşma dinin özündən deyil, din vasitəsilə ifadə olunan millətçi ideologiyalardan qaynaqlanır.

Elmar

Gununsesi.info