Politoloq: Hikmət Hacıyevin açıqlaması Türkiyədəki anti-Azərbaycan təbliğatına tutarlı cavabdır

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 16:09

Politoloq Turan Rzayev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Haber Global”a müsahibəsini şərh edib.

Gununsesi.info xəbər verir ki, politoloqun sözlərinə görə, Prezidentin köməkçisinin açıqlamaları son illər Türkiyə cəmiyyətinin müəyyən kəsimlərində aparılan anti-Azərbaycan təbliğatına tutarlı cavab olub.

Turan Rzayev bildirib ki, son illərdə bəzi Türkiyə media orqanlarında Azərbaycanın İsrailə neft və qaz satması, İsrailin Azərbaycan neftindən istifadə etməklə Fələstində hərbi əməliyyatlar aparması ilə bağlı iddialar səsləndirilib, eyni zamanda Azərbaycana qarşı boykot çağırışları edilib və ölkə rəhbərliyinə yönəlmiş tənqidi çıxışlar müşahidə olunub.

Onun fikrincə, bu cür çağırışlar “Bir millət, iki dövlət” prinsipinə xələl gətirməyə, Azərbaycan-Türkiyə münasibətlərini zəiflətməyə çalışan dairələrin fəaliyyətidir.

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər möhkəm təmələ söykənir və Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir.

Rzayev qeyd edib ki, Hikmət Hacıyevin müsahibəsində İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması təşəbbüslərinin Azərbaycanın narahatlığına səbəb olduğu və bu məsələdə rəsmi Bakının Türkiyənin maraqlarını prioritet hesab etdiyi xüsusi vurğulanıb.

Politoloqun sözlərinə görə, Türkiyə ilə İsrail, eləcə də Azərbaycanla İsrail münasibətləri Türkiyə ictimaiyyətinin müəyyən hissəsinə məqsədli şəkildə yanlış təqdim olunur.

O bildirib ki, İsrail Azərbaycan üçün strateji tərəfdaş, Türkiyə isə müttəfiq və qardaş dövlətdir. Bu baxımdan Bakı-Ankara münasibətləri təkcə strateji maraqlara deyil, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır.

Rzayev hesab edir ki, Azərbaycanın müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri olsa da, “Bir millət, iki dövlət” fəlsəfəsi yalnız Türkiyə ilə münasibətlərdə tətbiq olunur.

Politoloq Türkiyə mediasında zaman-zaman səsləndirilən “Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma olacağı təqdirdə Azərbaycanın İsraili seçəcəyi” iddialarının da əsassız olduğunu bildirib.

O xatırladıb ki, İsraildə “erməni soyqırımı”nın tanınması təşəbbüsləri zamanı Azərbaycan diplomatik kanallarla fəal fəaliyyət göstərib və İsrail tərəfi Bakının mövqeyini nəzərə alıb.

Rzayev Hikmət Hacıyevin müsahibəsində səsləndirdiyi “Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var” fikrinin iki ölkə arasındakı müttəfiqliyin mahiyyətini əks etdirdiyini vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan hazırda Türkiyənin təşəbbüsü ilə Suriyada bərpa və quruculuq layihələrində, o cümlədən enerji sahəsində iştirak edir və müxtəlif beynəlxalq platformalarda Ankaraya dəstək verir.

Sonda Turan Rzayev bildirib ki, Ankara da Azərbaycanı hədəfə alan və iki ölkə arasındakı qardaş münasibətlərə zərbə vurmağa çalışan qüvvələrə qarşı daha prinsipial mövqe nümayiş etdirməlidir.

Onun sözlərinə görə, Fələstin, Qəzza və Qüds məsələləri Azərbaycan üçün də həssas mövzular olsa da, Bakı üçün Türkiyə ilə müttəfiqlik münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Elmar

Gununsesi.info