Rusiyada milliləşdirmə sürətlənir: 6 ayda 10 milyard dollarlıq aktiv dövlət nəzarətinə keçdi

Rusiyada dövlət mülkiyyətinə keçirilən iri şirkət və müəssisələrin həcmi 2026-cı ilin ilk altı ayında son illərin ən yüksək səviyyəsinə çatıb.

Məlumata görə, yanvar-iyun aylarında dövlət nəzarətinə verilən aktivlərin ümumi dəyəri 10,16 milyard dollar təşkil edib.

Bu göstərici, demək olar ki, 2025-ci ilin bütün ili ərzində qeydə alınmış milliləşdirmələrin həcminə bərabərdir.

Hesabata əsasən, ilin ilk yarısında Rusiyada baş tutan birləşmə və satınalma sövdələşmələrinin 42,2 faizi məhz milliləşdirmələrin payına düşüb. Bu dövrdə 15 aktiv dövlət mülkiyyətinə keçirilib. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin ilk yarısında ümumi dəyəri 3,95 milyard dollar olan 10 aktiv milliləşdirilmişdi. Həmin ilin yekununda bu göstərici 11,03 milyard dollar dəyərində 24 aktiv, 2024-cü ildə isə 3,89 milyard dollar dəyərində 10 müəssisə olub.

2022-ci ildən sonra başlanan milliləşdirmə prosesinin ən iri sövdələşməsi 2026-cı ilin mayında həyata keçirilib. Belə ki, iş adamı Vadim Moşkoviçə məxsus kənd təsərrüfatı holdinqi “Rusagro” dövlət nəzarətinə keçib. Aktivin dəyəri 7,7 milyard dollar qiymətləndirilir. May ayının sonunda holdinq Rosselxozbankın törəmə şirkəti olan “RSHB-Finance” MMC-nin idarəçiliyinə verilib.

Qeyd edək ki, bu ilin ilk yarısında dövlət mülkiyyətinə keçirilən ikinci ən böyük aktiv 1,05 milyard dollar dəyərində qiymətləndirilən “Krasnodarzernoprodukt” taxıl şirkəti olub. Üçüncü yerdə isə Baş Prokurorluğun 606,4 milyon dollar dəyərində qiymətləndirdiyi “Murmanseld 2”, “Rybolovetski Kolxoz Zarya” və “Andromeda” balıqçılıq şirkətlərinin aktivləri qərarlaşıb.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında Rusiyanın birləşmə və satınalma bazarında ümumi dəyəri 24,07 milyard dollar olan 181 sövdələşmə qeydə alınıb. Analitiklər bildirirlər ki, hazırda iri aktivlər bazar qiyməti ilə satılmır. Onların sözlərinə görə, əvvəllər dövlət mülkiyyətinə keçirilmiş şirkətlər sonradan daha aşağı qiymətlərlə satışa çıxarılır.

“Nektorov, Saveliev & Partners” hüquq şirkətinin hesablamalarına əsasən, 2022-ci ildən indiyədək milliləşdirmə ilə bağlı 100-dən çox iş açılıb və dövlət nəzarətinə keçirilən aktivlərin ümumi dəyəri 6,5 trilyon rublu ötüb.

Onu da qeyd edək ki, ən iri milliləşdirmələr sırasında 2024-cü ildə iş adamı Oleq Kanla əlaqələndirilən balıqçılıq qrupunun təxminən 4,3 milyard dollar dəyərində aktivləri, həmçinin milyarder Konstantin Strukova məxsus və təxminən 2 milyard dollar dəyərində qiymətləndirilən “Yujuralzoloto” qızıl hasilatı şirkətinin dövlət nəzarətinə verilməsi də yer alır.

Daha bir məlumata görə, Rusiyada dövlət nəzarətinin genişləndirilməsi siyasətinin davam etdirilməsi gözlənilir və Vadim Moşkoviçin yaxın çevrəsi Prezident Vladimir Putindən prosesə müdaxilə etməsini xahiş etsə də, dövlət başçısı bu müraciəti qəbul etməyib.

 

Şəbnəm

Gununsesi.info