Dinamo məğlubiyyətindən sonra sərt narazılıq: Kapitanların fəaliyyəti ciddi suallar doğurur

Qarabağın Dinamo Kiyevə qarşı göstərdiyi zəif oyun və 0:1 hesablı məğlubiyyət klubun Avropa ambisiyalarına ağır zərbə kimi qiymətləndirilir.

Gununsesi.info bildirir ki, qarşılaşmadan sonra futbol ictimaiyyətində ən çox müzakirə olunan məsələ komandanın təcrübəli liderləri Bədavi Hüseynov və Abdullah Zubirin məsuliyyəti oldu.

İllərdir komandanın əsas simaları kimi təqdim olunan futbolçuların bu cür həlledici mərhələdə komandaya lazımi təsir göstərə bilməməsi ciddi tənqid edilir. Azarkeşlərin fikrincə, Qarabağ kimi yüksək hədəflər uğrunda mübarizə aparan klubda kapitan adı yalnız keçmiş xidmətlərə görə qorunan status ola bilməz.

Bədavi Hüseynov meydana çıxmasa da, uzun müddətdir komandanın lider fiqurlarından biri kimi klubun ümumi idman məsuliyyətindən kənarda sayıla bilməz. Təcrübəli kapitanın adı illərdir komandanın müdafiə sistemi və kollektivin daxili nizam-intizamı ilə əlaqələndirilir və məğlubiyyətdən sonra bu sahələrdəki problemlər yenidən gündəmə gəlib.

Abdullah Zubirə yönələn tənqidlər isə daha sərtdir. Hücumun əsas yükünü daşımalı olan futbolçunun oyunda  demək olar ki, təsirsiz qalması, komandanın irəli xətdə yaradıcılıq göstərə bilməməsi və lider oyunçu məsuliyyətini hiss etdirməməsi narazılığı daha da artırıb. Azarkeşlər hesab edirlər ki, Avropa səviyyəsində fərq yaratmalı olan futbolçu belə görüşlərdə görünməz qalırsa, onun komandadakı rolu ciddi şəkildə müzakirə edilməlidir.

Hazırda formalaşan ictimai rəyin əsas məğzi budur ki, Qarabağda heç bir futbolçu keçmiş uğurlarına görə toxunulmaz hesab edilməməlidir. Dinamo qarşısındakı məğlubiyyət göstərdi ki, komanda daxilində həm liderlik, həm məsuliyyət, həm də performans məsələləri üzrə ciddi hesabat tələb olunur. Cavab oyunu isə təkcə mərhələ taleyi deyil, bu futbolçuların Qarabağdakı gələcəyi ilə bağlı müzakirələrin istiqamətini müəyyənləşdirə bilər.

 

Vüsal

Gununsesi.info