Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 19:20

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən Nadir Mudadov 1 il 3 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün 6 ay çəkilməmiş cəza müddəti qalıb.

Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən 10 il birinci müavin işləyən Nadir Muradov həbs edilib. Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.

Gununsesi.info