Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Gürcüstandan 22 tələbə akademik proqramlar çərçivəsində dünyanın nüfuzlu incəsənət ali məktəblərində təhsil alacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Söhbət Avropanın doqquz ölkəsində yerləşən 17 universitetdən gedir.
Proqram çərçivəsində tələbələrin təhsil alacağı ali məktəblər arasında Strasburq Universiteti, Estoniya Musiqi və Teatr Akademiyası, Frankfurt Musiqi və Səhnə Sənətləri Universiteti, Münhen Musiqi və Teatr Universiteti, Osimo Beynəlxalq Opera Sənəti Akademiyası, Orhus Kral Musiqi Akademiyası, Milan “Cüzeppe Verdi” Konservatoriyası, Antverpen Kral Konservatoriyası, Lyej Kral Konservatoriyası, “Sent-Luis” Musiqi Kolleci və Tosti Beynəlxalq Vokal Akademiyası da var.
“İstedadlı gənclərə dəstək olmaq və onların peşəkar inkişafını təşviq etmək dövlətin əsas prioritetlərindən biridir. Bu məqsədlə Mədəniyyət Nazirliyi bir sıra proqramlar həyata keçirir”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, layihənin əsas məqsədi yüksək səviyyəli incəsənət təhsilinə çıxış imkanlarını genişləndirmək, gənc sənətçilərin müasir incəsənətdə beynəlxalq proseslərə inteqrasiyasını təşviq etmək, onların motivasiyasını artırmaq, eləcə də peşəkar və karyera inkişaflarına dəstək olmaqdır.











