Azərbaycan futbolunda yeni transfer tendensiyası diqqət çəkir. Son günlər Qarabağ və Sabah FK-nın adı Asiya futbolu ilə əlaqəli və ya Asiya milli komandalarında çıxış edən futbolçularla hallanır.
Gununsesi.info xəbər verir ki, bu vəziyyət klubların transfer siyasətində fərqli istiqamətin formalaşdığını göstərir.
Qarabağın transfer gündəmində Justin Hubner, Dion Cools və Nicholas Mickelson kimi futbolçular yer alır. Sabah FK isə Hamza Choudhury, Xavier Simons, Raphael Obermair və Mahmoud Dahoud kimi beynəlxalq təcrübəyə malik oyunçularla maraqlanır.
Müşahidələr göstərir ki, Azərbaycan klubları artıq yalnız ənənəvi Avropa bazarı ilə kifayətlənmir. Asiya ölkələrinin milli komandalarında çıxış edən, lakin Avropa futbol məktəbindən keçmiş oyunçular həm idman keyfiyyəti, həm də maliyyə baxımından daha əlverişli seçim hesab olunur. Bundan əlavə, İndoneziya, Malayziya, Banqladeş, Tayland, Fillipin və digər Asiya ölkələrində futbolun böyük azarkeş auditoriyasına malik olması klublar üçün əlavə marketinq imkanları yaradır. Belə transferlər sosial şəbəkələrdə izləyici sayının artmasına, beynəlxalq sponsor marağının yüksəlməsinə və klubların tanınmasına müsbət təsir göstərə bilər.
Qarabağın Avropa kuboklarındakı təcrübəsini davam etdirmək, Sabahın isə daha iddialı heyət formalaşdırmaq istəyi bu transfer marağını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Hələlik adı çəkilən futbolçularla bağlı rəsmi açıqlama verilməsə də, həm Qarabağ, həm də Sabahın transfer fəaliyyətində Asiya istiqamətinin ön plana çıxması Azərbaycan futbolunda diqqətçəkən yeni tendensiya kimi dəyərləndirilir.
Günay











