Deputat Fazil Mustafa politoloq Mübariz Əhmədoğlunun onun barəsində səsləndirdiyi iddialara cavab verib.
Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa yazıb ki, Mübariz Əhmədoğlu onun barəsində “böhtan kampaniyasını genişləndirmək üçün” yenidən gündəmə gətirilib.
Deputat onu Ermənistanla əməkdaşlıqda ittiham edən şəxsləri tənqid edib:
“Görün, qonşu ölkənin maraqlarını hər addımda təmsil edən bu ləyaqətsizlər məni indi də o ölkə ilə əməkdaşlıqda ittiham edirlər”.
Fazil Mustafa həmçinin Mübariz Əhmədoğlunun mərhum atası ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
O bildirib ki, atası Azərbaycanın əməkdar inşaatçısı olub, Naxçıvan şəhərində çoxsaylı binaların tikintisində iştirak edib və ləyaqətli ailə başçısı kimi tanınıb.
Deputat atasının heç vaxt mehmanxana işlətmədiyini vurğulayıb:
“Əgər Mübariz Əhmədoğlu şübhələnir ki, özü və ya yaxınları məhz Naxçıvanda hansısa hoteldə cinsi istismara məruz qalıb, buyurub müvafiq orqanlara şikayətini versin, araşdırsınlar. Bu yalnız Mübariz Əhmədoğluna aid deyil, belə bir iddianı tirajlayan hər kəs üçün keçərlidir”.
Fazil Mustafa həmçinin Mübariz Əhmədoğlunun qonşu ölkəni yaxşı tanıyan şəxs kimi təqdim olunmasını tənqid edib və onun həmin ölkənin maraqlarına xidmət edən şəxslərdən biri olduğunu bildirib.
Deputat sosial şəbəkələrdə illərdir mərhum atasının təhqir edilməsinə də toxunaraq, Mübariz Əhmədoğlunun da bu kampaniyaya qoşulduğunu qeyd edib.
Elmar
Gununsesi.info












