Fazil Mustafa Səfəvilər, Rəsulzadə və Azərbaycan dövlətçiliyi ilə bağlı mövqeyini açıqlayıb

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 15:45

Milli Məclisin deputatı Fazil Mustafa tariximizin mübahisəli dövrləri ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

Gununsesi.info -nun xəbərinə görə, Fazil Mustafa qeyd edib ki, ayrı-ayrı şəxslərin Azərbaycan tarixinin ziddiyyətli məqamları ilə bağlı fikir və mülahizələr irəli sürməsi cəmiyyətin maariflənməsi baxımından faydalıdır.

Bununla belə, onun sözlərinə görə, müzakirələrdə tarixi bilikləri yetərli olmayan şəxslərin üstünlük təşkil etməsi mövzunun keyfiyyətinə mənfi təsir göstərir.

Deputat Taleh Şahsuvarlının Azərbaycan dövlətçiliyinin tarixi ilə bağlı bəzi fikirlərini tənqid edib.

O, Şahsuvarlının “Azərbaycan dövlətini Babək yaradıb” tezisini irəli sürdüyünü, həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolunu kiçiltməyə yönələn yazılar yazdığını bildirib.

Fazil Mustafa digər müzakirə iştirakçısı Ceyhun Bayramlını da tənqid edib.

O, Bayramlının sosial şəbəkələrdə Rəsulzadə və Fətəli xan Xoyski haqqında ittihamlar səsləndirdiyini, eləcə də Nuru Paşaya münasibətdə qəbuledilməz ifadələr işlətdiyini iddia edib.

Deputat Rəsulzadənin sovet hakimiyyəti dövründəki taleyinə də toxunub. Onun sözlərinə görə, Rəsulzadənin sovet hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə irəli sürülən iddialar tarixi şərait nəzərə alınmadan qiymətləndirilir.

“Lahıcdan tutulub gətirilən Rəsulzadə Sovet rejiminin əlində bir əsir olub. Stalin onu Pankratovun əlindən qoparıb bir əsir kimi Moskvaya aparıb. Böyük milli liderimiz ilk fürsətdə də Finlandiyaya qaçmağı bacarıb”,- deyə Fazil Mustafa bildirib.

O, Rəsulzadənin irsinə tənqidi yanaşmağın mümkün olduğunu, lakin onun milli istiqlal mübarizəsindəki fəaliyyətinin təhqir və aşağılayıcı ifadələrlə təqdim edilməsini yolverilməz saydığını vurğulayıb.

Fazil Mustafa bundan sonra tarixi məsələlər üzrə “bilgisi yetərsiz” və Cümhuriyyət irsinə hörmətsiz yanaşan şəxslərlə debatlara çıxmamaq qərarına gəldiyini bildirib.

O, daha əvvəl Dilavər Əzimli, Cəmil Həsənli, Sabir Rüstəmxanlı və digər şəxslərlə müxtəlif platformalarda mədəni debatlar apardığını xatırladıb.

Deputat əsas mübahisə mövzusunun Səfəvilər irsi və onun müasir siyasi-ideoloji təqdimatı olduğunu qeyd edib.

Onun fikrincə, Səfəvilər irsi Azərbaycan və İran arasında ortaq tarixi mövzu olmaqla yanaşı, müasir dövrdə fərqli ideoloji yozumlara səbəb olur.

“Bizim dövlətçilik bazası üçün şəriksiz, mübahisəsiz dəyər Azərbaycan Xalq Cümhuriyyətidir. Onun dünyəvilik üzərində qurulmuş ideya prinsipləri dünənki Səfəvilərin, bugünkü neosəfəvi irançıların teokratik dövlət modelinin tamamilə əksidir”, – Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycan tarixində mövcud olmuş Şirvanşahlar, Səlcuqlular, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Əfşarlar və xanlıqlar dövrü indiki qədər ciddi qarşıdurma yaratmır.

Deputat XVI əsrdə baş verən hadisələrin Azərbaycan cəmiyyətini bütövləşdirmək əvəzinə, bu günə qədər davam edən qarşıdurma mənbəyi yaratdığını düşünür.

Onun sözlərinə görə, Nadir şahın Muğan qurultayında çatdırmaq istədiyi əsas tezislərdən biri də məhz bu məsələ ilə bağlı olub.

Fazil Mustafa tarixdə müxtəlif siyasi və dini ideologiyalar zəminində baş vermiş kütləvi qətlləri müqayisə edərək faşizmin yalnız Hitlerlə məhdudlaşmadığını bildirib.

“Faşizm semantik bir ifadədir, o sadəcə Hitlerlə başlamayıb, düşüncəyə, inanca görə kütləvi qətllərin baş verdiyi hər yerdə özünü göstərib”, – deyə deputat qeyd edib.

Fazil Mustafa vurğulayıb ki, bu cür müzakirələrdə məqsəd kimisə “məğlub etmək” deyil, cəmiyyətin keçmişin faydalı irsindən yararlanmasına nail olmaq olmalıdır.

Orxan

Gununsesi.info