Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.
Səfər zamanı Naxçıvan Sənaye Parkının təməli qoyulub. Bundan əlavə, muxtar respublikanın sosial-iqtisadi inkişafına yönələn bir sıra qərarlar qəbul edilib. Yeni istehsal müəssisələrinin yaradılması və sahibkarlığın inkişafına şərait yaradılması Naxçıvanda məşğulluğun artmasına imkan verə bilər.
Prezidentin imzaladığı sərəncamlar Naxçıvanda istehsal və emal sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması baxımından mühüm imkanlar yaradır.
Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat əlaqələrinin bərpası isə Naxçıvanın istehsal etdiyi məhsulların başqa ölkələrin bazarlarına çıxarılmasını da asanlaşdıra bilər.
Bəs bütün bu layihələr Naxçıvanın iqtisadiyyatına və əhalinin məşğulluğuna necə təsir göstərəcək?
Naxçıvanda yeni iş yerlərinin açılması və bölgənin istehsal imkanlarının artırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Cənab Prezidentin Naxçıvana səfəri bir çox istiqamətləri və layihələri əhatə edir:

“Amma düşünürəm ki, bu prosesə ayrı-ayrı layihələr kimi yox, məhz Naxçıvanın ümumi iqtisadi inkişafı üçün formalaşan mühit və bu mühitin perspektivi kimi baxmaq lazımdır.
Məsələn, burada birinci növbədə Naxçıvan Sənaye Parkının yaradılmasını qeyd etmək istəyirəm. Məhz sənaye parkının yaradılması yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda yerli və xarici investorların cəlb edilməsi, eləcə də yeni iş yerlərinin yaradılması baxımından çox vacibdir. Amma qeyd etmək istəyirəm ki, bu sənaye parkı növbəti mərhələdə iqtisadi mühiti canlandıra biləcək bir mərkəzə çevrilə bilər.
Çünki bunun nəticəsində digər yerli müəssisələrin də fəaliyyətə başlaması mümkündür”.
İqtisadçı hesab edir ki, Naxçıvanın inkişafına dair dövlət proqramının icrası çərçivəsində bir çox imkanlar yaradılacaq:
“Yeni müəssisələrin fəaliyyətə başlaması iqtisadiyyatın ayrı-ayrı sahələrində, yəni yükdaşıma, nəqliyyat, ticarət, xidmət və turizm kimi istiqamətlərdə iqtisadi fəallığı artıracaq. İqtisadi fəallığın artması isə təbii olaraq məşğulluğun yüksəlməsinə səbəb olacaq və burada iqtisadi təsirlər müxtəlif istiqamətləri əhatə edə biləcək.
Qeyd etmək istədiyim digər istiqamət məhz enerji infrastrukturu ilə bağlıdır. Naxçıvanın alternativ enerji potensialı, eyni zamanda yerləşdiyi coğrafi mövqe yeni enerji layihələrinin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Məncə, digər mühüm məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Naxçıvanın yerləşdiyi coğrafi mövqe onun nəqliyyat və yükdaşıma imkanlarını genişləndirir. Türkiyə ilə sərhəd, Orta Asiyanın Türkiyəyə çıxışı və gələcəkdə digər region ölkələrinin Orta dəhlizin bir hissəsi olacaq Zəngəzur dəhlizindən istifadəsi Naxçıvan üçün əlavə imkanlar yarada bilər”.

Şəbnəm Rəhimova










