Azərbaycanda “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bildirib ki, sənəddə turizmin inkişafı ilə bağlı doğru təsbitlər və düzgün istiqamətlər əksini tapıb.
Lakin onun sözlərinə görə, quru sərhədlərin uzun müddətdir bağlı olması ölkədə turizmin inkişafı qarşısında ciddi maneədir.
“Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır”, – deyə Cəfərli qeyd edib.
İqtisadçı Cənubi Qafqaz ölkələri arasında turizm əməkdaşlığının əhəmiyyətinə də diqqət çəkib.
Onun sözlərinə görə, Gürcüstan düzgün siyasət və yeni turizm məhsullarının yaradılması hesabına regionun turizm mərkəzinə çevrilib.
Cəfərli qeyd edib ki, Avropa, ABŞ, Yaponiya və Çin kimi uzaq bazarlardan gələn turistlər Cənubi Qafqaza səfər etdikdə bir neçə ölkəni eyni səfər çərçivəsində görməyə çalışırlar.
“Tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra avtobusa minib Ermənistana keçir, 1-2 gün oranı da gəzir. Daha sonra həmin avtobusla Azərbaycana gəlmək istəyir, amma sərhədi keçə bilmir. Bu, turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgələrinin turizm potensialına böyük zərbə vurur”, – deyə o bildirib.
Natiq Cəfərli Ermənistanın da bu imkanları nəzərə alaraq Gürcüstanla birgə turizm layihələrinə başladığını vurğulayıb.
O bildirib ki, son bir ildə Ermənistana turist səfərləri 19 faiz artdığı halda, Azərbaycana gələn turistlərin sayı 14 faiz azalıb.
“Bu faktdır, quru sərhədlərin turizmin inkişafına böyük əngəl olduğunu sübut edən faktdır”, – deyə Cəfərli əlavə edib.
Elmar
Gununsesi.info











