Şəmkirdəki qəzada yaralanan azyaşlı da həyatını itirdi

  • Müəllif: Orxan
  • 21 Avqust 2026 13:10

Avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2021-ci il təvəllüdlü oğlan ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Azyaşlıya bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bud sümüyünün sınığı, beyinin diffuz travması və başın digər hissələrinin bərk əzilməsi diaqnozları qoyulub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 21-də saat 07:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib”, – deyə məlumatda qeyd olunub.

Şəmkir rayonundan saytımıza verilən məlumata görə, azyaşlı bugün Şəmkir rayon Mahmudlu kəndində dəfn olunacaq.

Xatırladaq ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Gununsesi.info