Köçəryan hansı cinayətlərdə ittiham olunur? -RƏSMİ

  • Müəllif: Firuzə
  • 25 Avqust 2026 16:49

Ermənistanda keçmiş prezident Robert Koçaryanla bağlı açılan cinayət işi ölkənin siyasi tarixinin ən qalmaqallı səhifələrindən birini yenidən gündəmə gətirib.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin açıqladığı iddialar doğru olduğu halda, söhbət sadəcə bir neçə torpaq sahəsinin ucuz qiymətə alınmasından yox, dövlət əmlakının illər ərzində müxtəlif şirkətlər, formal müqavilələr və ailə üzvləri üzərindən dövr etdirildiyi iddia olunan genişmiqyaslı korrupsiya mexanizmindən gedir.

İşin miqyası isə rəqəmlərdə daha aydın görünür: milyardlarla dram dəyərində daşınmaz əmlak, yüz milyonlarla dollar və avro həcmində pul köçürmələri, dövlət torpaqlarının bazar qiymətindən dəfələrlə aşağı satılması və hətta rüşvət kimi verildiyi iddia olunan şirkət payları.

Bir sözlə, Ermənistan dramının bu dəfəki dramı teatr səhnəsində yox, istintaq materiallarında oynanılır. Və burada əsas sual “kim nə qədər qazandı?”dan çox, dövlətin nə qədər itirdiyidir.

Gununsesi.info xəbər verir ki, Armenpress-in məlumatına görə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində aparılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.

İddiaya görə, Koçaryan prezident vəzifəsindən istifadə edərək müxtəlif sxemlər vasitəsilə dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib.

Koçaryan və onun oğlu Sedrak bu iş üzrə həbs olunan altı nəfər arasındadır.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat açıqlamasına əsasən, cinayət işi çərçivəsində əldə olunmuş faktiki məlumatlar guya göstərir ki, Koçaryan özünə yaxın şəxslərlə əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli əmlakları müxtəlif saxta əsaslarla dövlət mülkiyyətindən çıxarıb və bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib.

Əmlakların həqiqi sahibini və onların cinayət yolu ilə əldə olunmasını gizlətmək məqsədilə həmin əmlaklar, iddiaya görə, əlaqəli şirkətlərin adına rəsmiləşdirilib.

Daha sonra əmlakların üzərində tikinti aparılıb və onlar satılıb, üçüncü şəxslərə ötürülüb, həmçinin həmin əmlakların sahibi olan şirkətlərdəki paylar, o cümlədən hədiyyə yolu ilə, başqa şəxslərə verilib.

Konkret olaraq, Yerevanda Açaryan və Tsarav Aghbyur küçələrinin yaxınlığında yerləşən 8,3 hektarlıq torpaq sahəsi 44.657.000 AMD-yə alınıb.

2002-ci ildə həmin ərazidə Play City əyləncə mərkəzi tikilib. İki il sonra, 15 noyabr 2004-cü ildə, əmlakın sahibi olan Fast Kart şirkətinin 50%-lik payı hədiyyə yolu ilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.

Cascade kompleksinin sol tərəfində yerləşən 2 hektarlıq torpaq sahəsi 39.630.000 AMD-yə əldə edilib.

Daha sonra bu torpaq Yerevanın daha əlverişli hissəsində yerləşən eyni ölçülü başqa dövlət torpaq sahəsi ilə dəyişdirilib və həmin yeni sahə sonradan 1.741.931.000 AMD-yə satılıb.

Dövlətə məxsus Yeraspasarkum QSC-nin balansında olan Paronyan küçəsi 8 ünvanındakı bina da 40 milyon AMD-yə əldə edilib. Daha sonra həmin ərazidə tikilən yaşayış binasındakı bazar dəyəri 331.800.000 AMD olan 600 kvadratmetr kommersiya sahəsi və iki avtomobil dayanacağı saxta alqı-satqı əməliyyatları vasitəsilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.

Geğarkunik vilayətindəki Kaputak Sevan istirahət kompleksi 83.669.000 AMD-yə alınıb. Kompleksin sahibi olan Art Build şirkətinin 50%-lik payı 15 yanvar 2010-cu ildə saxta alqı-satqı əməliyyatı vasitəsilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.

Tsitsernakaberd şossesi 7/1 ünvanında yerləşən Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman Məktəbinə məxsus 29.000 kvadratmetr torpaq sahəsi və üzərindəki 1.700 kvadratmetrlik bina 12.267.000 AMD-yə əldə edilib. 2008-ci ildə həmin ərazidə Orange Fitness premium klubu tikilib.

Əmlakın sahibi olan şirkətin 50%-lik payı isə 2009-cu ildə saxta əməliyyat vasitəsilə keçmiş prezidentin oğlunun təsis etdiyi şirkətin adına keçirilib.

İlkin istintaq həmçinin belə məlumat əldə edib ki, Koçaryan tarixi və mədəni abidə olan V. Sargsyan küçəsi 20 ünvanındakı Zabitlər Evi binasının və Nalbandyan küçəsi 16 ünvanındakı yarımçıq tikilinin dövlət mülkiyyətindən çıxarılaraq Piazza Grande şirkətinə verilməsi prosesini təşkil etməsi müqabilində rüşvət kimi ümumi dəyəri 2.633.934.000 AMD olan 56 daşınmaz əmlak əldə edib.

Əmlakların həqiqi sahibini və mənşəyini gizlətmək üçün onlar saxta alqı-satqı müqavilələri əsasında keçmiş prezidentin ailə üzvlərinin və onlarla əlaqəli təşkilatların adına rəsmiləşdirilib.

Başqa bir epizodda Müdafiə Nazirliyinə məxsus Admiral İsakov prospekti 22 və 22/4 ünvanlarındakı torpaq sahələrinin, o cümlədən elmi-istehsalat stansiyasının tikintisi üçün nəzərdə tutulmuş torpağın ümumi bazar dəyəri 1.393.870.000 AMD olub. Lakin həmin torpaqlar keçmiş prezidentə yaxın şəxsə məxsus şirkətə bazar qiymətindən dörd dəfə aşağı qiymətə satılıb.

İstintaqın məlumatına görə, torpaqların xeyli aşağı qiymətə satılmasının və Toyota-nın Ermənistanda nümayəndəliyinin maneəsiz yaradılmasının təmin edilməsi müqabilində, 9 may 2006-cı ildə Toyota Yerevan şirkətinin 30%-lik payı rüşvət kimi Koçaryana verilib. Payın cinayət mənşəyini gizlətmək üçün isə saxta alqı-satqı müqavilələri vasitəsilə keçmiş prezidentin oğlunun adına rəsmiləşdirilib.

Cinayət işi çərçivəsində altı nəfər həbs olunub. Onların arasında keçmiş prezident, onun oğlu və iddia olunan cinayət sxemlərində iştirak edən digər şəxslər var.
İlkin istintaq həmçinin 2001–2019-cu illər arasında keçmiş prezidentin oğlunun adına həyata keçirilmiş pul köçürmələrinin hallarını araşdırır.

Bu köçürmələrin ümumi məbləği təxminən, 144 milyard AMD, 309 milyon ABŞ dolları, 77 milyon avro, 18 milyon Rusiya rublu
təşkil edir.

Bundan əlavə, iş üzrə adı keçən şəxslərə və onların ailə üzvlərinə məxsus Ermənistanda və xaricdə yerləşən 30-dan çox daşınmaz əmlakın əldə edilməsi də araşdırılır.

Mətbuat açıqlamasında bildirilir ki, həmin əmlakların mümkün satılmasının və ya başqa şəxslərə ötürülməsinin qarşısını almaq üçün onların üzərinə məhdudiyyətlər qoyulması istiqamətində tədbirlər görülüb.

Qeyd edəkmki, AMD – erməni dramıdır, dram pul vahidi isə dirhəmin oğurluq versiyasıdır.

Gununsesi.info