Fizik Yalçın İslamzadə Azərbaycanda əhalinin azalması, boşanma hallarının artması, toy xərcləri, mənzil qiymətləri və iqtisadi artımın zəif olması ilə bağlı münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, İslamzadə əlaqədar şəxslərin açıqlamalarına istinadən Azərbaycanda boşanmaların nisbətinin 50 faizə çatdığını bildirib.
Onun sözlərinə görə, evlilik və toy mərasimlərinə böyük vaxt və maliyyə vəsaiti xərclənsə də, nəticələr cəmiyyət üçün düşündürücüdür.
Fizik bu il dövlət proqramı çərçivəsində 500 tələbənin xaricdə təhsil almağa göndərilməsinə də toxunub.
O, iqtisadi artımın sıfıra yaxın olduğu şəraitdə xaricdə təhsil alan mütəxəssislərin ölkəyə qayıtdıqdan sonra harada çalışacağı və potensiallarını hansı yaradıcı sahələrdə reallaşdıracağı ilə bağlı suallar səsləndirib.
İslamzadə toy mərasimlərinin xərclərini də tənqid edib.
O, bu vəsaitlərin bir hissəsinin gənclərə mənzil almaqda dəstək məqsədilə yönəldilməsinin daha səmərəli ola biləcəyini qeyd edib.
“Bu qədər israfçı toy xərcləri səsi olmayan müğənnilərə, şadlıq evlərinə, çəkiliş qrupuna, aş gətirən rəqqasələrə gedir. Desən ki, elə sistem olsun ki, pullar yığılıb gənclərə verilsin, heç olmasa evin ilk ödənişini edə bilsinlər, hər kəs söz-söhbətdən çəkinər”, – deyə o yazıb.
Mənzil qiymətlərinin artmasına da diqqət çəkən İslamzadə Bakıda böyük həcmdə vəsait yatırıldığını, lakin bunun əhalinin rifahında adekvat əks olunmadığını bildirib.
Onun sözlərinə görə, şəhər kənarında belə evlərin qiyməti 200 min manatdan başlayır və orta əməkhaqqı ilə mənzil almaq çətin olaraq qalır.
İslamzadə cəmiyyətin diqqətinin sosial-iqtisadi problemlərdən daha çox toy, şəxslərin şəxsi həyatı və məşhurlar ətrafındakı müzakirələrə yönəldiyini vurğulayıb.
O, dövlət büdcəsindən mədəniyyət və idman sahələrinə ayrılan vəsaitlərlə bağlı ictimai reaksiyaları da tənqid edib. Xüsusilə idmançıların uğurlarının “bayrağımızı qaldırıb” arqumenti ilə müdafiə olunmasını sorğulayan İslamzadə bu uğurların ölkəyə hansı əlavə iqtisadi və sosial faydalar gətirdiyini sual edib.
“Eurosportdakı idmançımızın çempion olması xəbərini səhər saat 10-da kanalı izləyən 100 min kafir gördü. Sonra? Tələbələrimizə təqaüd mü verirlər? Ölkəyə turist axınımı başlayır? Viza rejiminimi ləğv edirlər?” – deyə İslamzadə bildirib.
Fizik sonda insanların birbaşa öz həyatlarına təsir edən problemlər əvəzinə başqalarının nə yazdığı, necə toy etdiyi və tədbirlərinə kimin qatıldığı kimi məsələlərlə daha çox maraqlandığını qeyd edib.
Elmar











