Natiq Cəfərli: “500 minə yaxın sənədsiz evin bütün günahı vətəndaşdadırmı?”

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 11:31

İqtisadçı Natiq Cəfərli Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz fərdi yaşayış evləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Gununsesi.info -nun xəbərinə görə, Mətin Eynullayev qeyd edib ki, sənədsiz fərdi yaşayış evlərini iki əsas kateqoriyaya bölmək mümkündür.

Onun sözlərinə görə, birinci qrupa müəyyən sənədləri olsa da, hüquqi baxımdan legitim hesab edilməyən evlər, ikinci qrupa isə ümumiyyətlə hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər daxildir.

Xidmət rəisi bildirib ki, tikilinin özbaşına tikinti hesab olunması üçün üç əsas meyar mövcuddur: tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi, tələb olunan icazələrin alınmaması və tikinti norma və qaydalarının pozulması. O, Mülki Məcəllənin 180.1-ci maddəsinə istinad edərək özbaşına tikintiyə mülkiyyət hüququnun yaranmadığını vurğulayıb.

Natiq Cəfərli isə bu yanaşmanın məsələyə birtərəfli baxış olduğunu bildirib.

“Vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz. Yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı?!” – deyə iqtisadçı sual edib.

O bildirib ki, problemin yaranmasında dövlət və hökumət qurumlarının məsuliyyəti də araşdırılmalıdır.

“Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyulub və illərdir işıq, qaz, su satılıbsa, bu xidmətlərə görə dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı? Qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?” – Cəfərli qeyd edib.

İqtisadçı həmçinin illərlə kommunal xidmətlərdən istifadə edib ödəniş edən vətəndaşların bu faktın əsasında hər hansı hüquqi üstünlüyə malik olub-olmadığını sual edib.

Onun fikrincə, onilliklər ərzində formalaşmış problemdə məsuliyyət yalnız vətəndaşın üzərinə qoyula bilməz.

“Sistem, yanaşma birtərəfli ola, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz. Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub?” – deyə Natiq Cəfərli vurğulayıb.

Cəfərli hesab edir ki, bu suallara aydın və ədalətli cavab verilməlidir.

Onun sözlərinə görə, səlahiyyət sahibi olan qurumların məsuliyyəti də məsələnin həllində nəzərə alınmalıdır.

İqtisadçı problemin həlli yollarından birinin “əmlak amnistiyası” olduğunu bildirib:

“Məsələnin həlli yolu ‘əmlak amnistiyasından’ keçir. Bu ‘amnistiya’ səlahiyyəti olanların məsuliyyət haqqı olmalıdır”.

 

Elmar

Gununsesi.info