Sahibkarlar AQTA-dan narazıdır: "Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir"

  • Müəllif: Şəbnəm
  • 03 Sentyabr 2026 09:44

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı sahibkarlar tərəfindən ciddi narazılıqlar var.

Bu barədə şikayətçilər Gununsesi.info-ya bildiriblər.

Onların sözlərinə görə, qurum daxilində bəzi şöbələr vasitəsilə qida məhsullarının idxalı və ixracına nəzarət adı altında sahibkarların fəaliyyətinə maneələr yaradılır.

Onlar həmçinin yoxlamalar zamanı qərarların obyektlərə münasibətdə fərqli və şəxsi maraqlara uyğun verildiyini iddia edirlər:

“Agentlik neqativ əməllərini əsasən iki şöbəsi ilə həyata keçirir. Şöbələrdən biri ölkəyə daxil olan və xaric olan qida məhsullarının monopoliyasını idarə etmək üçündür. Bu şöbənin adı İdxal və ixraca nəzarət şöbəsidir. Ölkədən ixrac olunan məhsullara dövlət rüsumu olaraq 25 AZN qiymətində ixrac sertifikatı verilməlidir. Bu sertifikatın qeyri-rəsmi qiyməti 300-800 dollar arasında dəyişir. Ölkəyə idxal olunan məhsullara da monopoliyanı idarə etmək üçün ciddi nəzarət olunur. Hər hansı bir monopolistin sahəsinə aid olan məhsulu gətirmək demək olar mümkün deyil. Hər hansı bir sahibkar bu sahədə dirəşərsə, onun məhsulundan nümunə götürülüb AQTA-nın tabeliyindəki laboratoriyalara göndərilir. Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır.

Şöbənin ikincisi Qida zəncirinə nəzarət şöbəsidir. Bu yoxlamalara nəzarət edir. Yəni AQTA-nın müfəttişləri obyektlərdə yoxlama apararkən müstəqil hərəkət edə bilmirlər, müstəqil protokol yaza bilmirlər. Mütləq həmin şöbəyə vatsap vasitəsilə obyektin məlumatlarını – yəni adı, kimə məxsusdur, nöqsanlar nədən ibarətdir kimi məlumatlar təqdim olunur. Şöbə tərəfindən bu barədə Agentlik rəhbərliyinə qərar verilməsi üçün məlumat verilir. Bu şəkildə obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir”.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərsək də, sorğumuza cavab verilmədi.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info