Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar - BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

  • Müəllif: admin
  • 03 Sentyabr 2026 11:59

 

Kəlbəcər…

Dağların qoynunda, buludların sanki yerə toxunduğu bir coğrafiya. Burada təbiət də fərqlidir, insanın doğma torpağa bağlılığı da…

Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən Zar kəndində bu gün yeni həyatın təməli atılır.

2023-cü ilin avqustunda Prezident İlham Əliyev tərəfindən  təməli qoyulan bu kənd indi müasir qəsəbə kimi inşa olunur.

Ötən 3 ilə yaxın müddət ərzində ermənilərin viran etdiyi bu yurda nəfəs gəlir.

Kəlbəcərin ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri olan kənd rayon mərkəzindən təxminən 26 kilometr məsafədə yerləşir.

Zar həm də Kəlbəcərin məşhur İstisu bölgəsinə yaxınlığı ilə seçilən yaşayış məntəqələrindəndir. Tarixi keçmişi ilə seçilən kənd işğaldan əvvəl burada yaşayan sakinlərin yaddaşında yalnız evlərdən və küçələrdən ibarət bir məkan kimi deyil, ata-baba yurdu kimi qalıb.

İllər sonra isə həmin yurdda tamamilə yeni mənzərə yaranıb.

Bu gün burada bir vaxtlar insanların yaşadığı ərazidə yeni evlər ucalır, yollar çəkilir, mühəndis-kommunikasiya xətləri qurulur. Qarşıdakı mənzərə isə artıq təkcə tikinti meydançası deyil – Böyük Qayıdışın ünvanıdır.

855 ailəlik yeni yaşayış məntəqəsi

Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə isə 540 fərdi yaşayış evinin tikintisi həyata keçirilir. Layihədə müxtəlif ailələrin tərkibinə uyğun iki, üç, dörd və beşotaqlı evlər nəzərdə tutulub.

Kənddə  528 şagird yerlik məktəb, uşaq bağçası, inzibati bina və həkim-tibb məntəqəsi də tikilir.

 

Zar kəndində əhalinin məşğuliyyəti üçün sahibkarlar tərəfindən də ictimai iaşə obyektləri inşa olunur.

Zarda böyük ticarət mərkəzinin içərisində market, kafe, gözəllik salonu, baytarlıq apteki və sair obyektlər inşa olunur.

Bundan başqa kənddə dövlət qurumları strukturları üçün iki mərtəbəli inzibati bina da inşa olunur.

Tikinti işlərinə 2025-ci ilin mayında başlanılıb və layihənin 2026-cı ildə başa çatdırılması planlaşdırılıb. Rəsmi məlumatlara görə, kənddə ilk sakinlərin 2026-cı ilin payızında qəbul edilməsi gözlənilir.

 

Zarın yeni yaşayış məntəqəsi salınarkən ərazinin relyefi və coğrafi xüsusiyyətləri nəzərə alınıb. Çünki burada adi bir yaşayış məntəqəsi tikilmir. Sərt dağ iqlimi, yüksəklik və relyef tikinti prosesində xüsusi yanaşma tələb edir.

Bütün evlər qoşa mişar daşı ilə inşa olunsa da, ayrıca izolyasiya edilir ki, bu da qışda isti, yayda sərin saxlayır.

Bütün bu proseslərə “Qaçqınkom”la yanaşı Prezidentin Kəlbəcərdəki xüsusi nümayəndəliyi də nəzraət edir.

“Qaçqınkom” sədri Rövşən Rzayev, xüsusi nümayəndə Bəşir Hacıyev tez-tez Zar kəndinə baş çəkir, işlərə baş çəkir.

Layihənin birinci mərhələsinin icrası “Amazone” MMC-yə həvalə olunub.

Sovet dövründə belə asfalt yolu olmayan Zar kəndini rayon mərkəzi və İstisu qəsəbəsi ilə yüksək vəiyyədə çəkilmiş yol birləşdirir.

Kəndə daxil olarkən isə bütün bu prosesin mahiyyətini bir görüntü ifadə edir: “Zar kəndi” yazısı və onun arxasında ucalan yeni evlər…

Dağlar əvvəlki kimi yerindədir. Külək əvvəlki kimi sərtdir. Amma kənd artıq əvvəlki kənd deyil.

Burada yeni yollar, yeni evlər, yeni küçələr salınır.

Və bütün bunların arasında bir hiss insanı xüsusilə duyğulandırır – illərlə doğma torpağından uzaqda yaşayan insanların yenidən öz kəndinə qayıdacağı gün artıq uzaqda deyil.

Mən də həmin kəndin sakinlərindən biriyəm.

Bu səbəbdən Zarın yenidən qurulmasına kənardan baxmıram. Burada ucalan hər evdə, çəkilən hər yolda, salınan hər küçədə mənim üçün də bir xatirə, bir ümid və bir qayıdış var.

Zar yenidən qurulur.

Dağların qoynunda, 2400 metr yüksəklikdə bir kənd yenidən həyata qayıdır.

Yaxın günlərdə bu dağlarda yalnız tikinti texnikasının səsi deyil, illər sonra öz doğma yurduna qayıdan insanların səsi eşidiləcək.

Bu, sadəcə kəndin bərpası deyil. Bu, bir ömrün yarımçıq qalmış hekayəsinin yenidən yazılmasıdır.

Pərviz Həşimli

Gununsesi.info