Yazıçı-şair Aqşin Yenisey ateist Çevikin döyülməsi hadisəsinə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Aqşin Yenisey hesab edir ki, məsələni dindar-ateist qarşıdurması kimi təqdim etmək cəmiyyəti yanlış istiqamətə aparır.
O, hər kəsin öz fikirlərini təhlükə hiss etmədən ifadə edə bildiyi bir cəmiyyət qurmağın vacibliyini vurğulayıb.
“Dindar-ateist qarşıdurması kimi kök salan bir düşüncənin nəticəsi nə ola bilər? Bu gün güc dindarların tərəfindədir, ateistləri döyürlər, sabah tərsinə olsa, ateistlər dindarları döyəcəklər”, – deyə Yenisey bildirib.
Onun sözlərinə görə, bu yanaşma məzhəbçilik və təriqətçilikdən mahiyyət etibarilə fərqlənmir:
“Bunun məzhəbçilikdən, təriqətçilikdən heç bir fərqi yoxdur. Yeganə fərq qarşı duran tərəflərdən birinin inancsız olmasıdır. Bu düşüncə üzərində abırlı bir gələcək inşa etmək olmaz. Bu, sadəcə, bir bataqlıqdan çıxıb başqa bir bataqlığa düşmək deməkdir”.
Aqşin Yenisey ateizmin cəmiyyətin gələcəyi üçün mütləq istiqamət olmadığını, lakin alternativ düşüncə kimi vacib olduğunu qeyd edib.
“Gələcəyə gedən yol ateizmdən keçirmi? Əlbəttə ki, xeyr! Ateizm bizə alternativ düşüncə kimi lazımdır. Alternativ düşüncələrə yer olmasa, gələcəkdə bizi gözləyən ölkənin adı indiki Əfqanıstan olacaq”, – deyə Aqşin Yenisey vurğulayıb.
Elmar
Gununsesi.info












