50 min işçisini ixtisar edir

  • Müəllif: Orxan
  • 04 Sentyabr 2026 12:08

“Volkswagen” şirkətinin Direktorlar Şurası xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan genişmiqyaslı planı təsdiqləyib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, plan çərçivəsində 50 min iş yerinin ixtisarı, avtomobil modellərinin sayının iki dəfə azaldılması və dörd zavodda avtomobil istehsalının dayandırılması nəzərdə tutulur. Plan konsernin baş direktoru Oliver Blum tərəfindən hazırlanıb. Buna səbəb Çin istehsalçılarının daha aşağı xərclərlə rəqabəti və ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinin şirkətə mənfi təsiri göstərilir.

Blum planın həyata keçirilməsi ilə bağlı həm həmkarlar ittifaqlarının, həm də şirkətdə pay sahibi olan Aşağı Saksoniya federal əyaləti hakimiyyətinin müqavimətini aradan qaldıra bilib.

“Volkswagen” investorlara bildirib ki, restrukturizasiya şirkətin tarixində “ən böyük transformasiya proqramı” olacaq. Hazırda “Volkswagen”də təxminən 650 min nəfər çalışır.

Şirkət ilin ilk yarısında vergilərdən sonra xalis mənfəətin 30 faiz azaldığını açıqlayıb. Buna əsas səbəb kimi Çində satışların aşağı düşməsi göstərilib.

Gununsesi.info