Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək

  • Müəllif: Orxan
  • 05 Sentyabr 2026 10:45

Kollec məzunlarının universitetlərə qəbul imkanlarının genişləndirilməsi və subbakalavrlar üçün ayrıca plan yerlərinin ayrılması təklif edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində bildirib.

Onun sözlərinə görə, mövcud qəbul mexanizmində subbakalavrların şansları xeyli məhdudlaşır. Elmin Nuri bildirib ki, əvvəlcə abituriyentlər plan yerlərinə yerləşdirilir, yalnız bundan sonra boş qalan yerlər subbakalavrların seçiminə təqdim edilir.

Ekspert hesab edir ki, bu mexanizm dəyişdirilməlidir:

“Subbakalavrların qəbulu ümumi abituriyentlərin qəbulu ilə qarışdırılmamalıdır. Onlar üçün ayrıca plan yerləri təqdim edilə və ya ayrıca qəbul şərtləri müəyyənləşdirilə bilər”.

Elmin Nuri qeyd edib ki, bu il III ixtisas qrupu üzrə subbakalavrların qəbul göstəricisi xüsusilə aşağı olub və onun sözlərinə görə, bu istiqamətdə heç bir subbakalavr qəbul ola bilməyib.

Ekspert hesab edir ki, yalnız kollecdəki orta müvəffəqiyyət göstəricisinin nəzərə alınması kifayət deyil və əlavə qəbul mexanizmləri hazırlanmalıdır.

Gununsesi.info