Rusiya və Ukrayna arasında sülhə əsas maneə nədir? -ŞƏRH

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 17:28

“Moskvanın da ABŞ-la danışıqlara marağı var. Rusiya bu yolla Vaşinqtonun mövqeyini öyrənir, öz tələblərini birbaşa Tramp administrasiyasına çatdırır və cəbhədəki vəziyyəti danışıqlar masasında üstünlüyə çevirməyə çalışır”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Lakin burada əsas problem dəyişməyib: ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizliyi.

Rusiya ərazi məsələsində öz mövqeyindən geri çəkilmək istəmir. Ukrayna isə təhlükəsizlik təminatı olmadan ərazi güzəştlərinə getmək istəmir. Buna görə də yalnız atəşkəs barədə razılaşmaq kifayət etmir. Əsas sual bundan sonra Ukraynanın təhlükəsizliyinə kimin və necə zəmanət verəcəyidir.

ABŞ və Avropa Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatı verməsə, Kiyevin güzəştə getməsi daha da çətinləşəcək. Rusiya isə ərazi məsələsində geri addım atmasa, yekun razılaşmanın əldə olunması mürəkkəb olaraq qalacaq.

Bu səbəbdən Uitkof və Kuşnerin səfərlərindən dərhal sonra sülh müqaviləsi gözləmək düzgün olmaz. Hazırda əsas məqsəd müharibəni dərhal bitirməkdən çox, tərəfləri yenidən danışıqlar masasına qaytarmaqdır.

Beləliklə, tərəflərin məqsədləri fərqlidir: ABŞ müharibəni mümkün qədər tez dayandırmaq, Ukrayna təhlükəsizlik təminatı əldə etmək, Rusiya isə cəbhədəki mövqeyini danışıqlarda siyasi nəticəyə çevirmək istəyir. Avropa isə Ukraynanın gələcəyi ilə bağlı qərarlarda prosesdən kənarda qalmaq istəmir.

Ona görə də əsas sual artıq “danışıqlar olacaqmı?” deyil. Əsas məsələ danışıqlar masasına kimin daha güclü mövqedə oturacağıdır”.

 

 

Elmar

Gununsesi.info