İqtisadçı iribuynuzlu heyvanlara veriləcək subsidiyanı tənqid edib

  • Müəllif: Orxan
  • 08 Sentyabr 2026 11:34

Natiq Cəfərli iribuynuzlu heyvanlara veriləcək subsidiyanı tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli iribuynuzlu heyvanların kəsimi ilə bağlı nəzərdə tutulan subsidiya mexanizmini tənqid edib.

Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb ki, Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə kəsim zamanı hər kiloqram diri çəkiyə 0,4 manat məhsul subsidiyası veriləcək.

Onun sözlərinə görə, bu halda diri çəkisi 600 kiloqram olan heyvanın kəsilməsi üçün 240 manat subsidiya almaq mümkün olacaq.

İqtisadçı qeyd edib ki, Azərbaycanda ətlik üçün bəslənən heyvanlar, orta hesabla, 300-350 kiloqram diri çəkidə kəsilir:

“İndi məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kiloqram olanda kəsmə, onları yedizdir, 600 kiloqram olanda kəs, sənə 240 manat subsidiya verəcəyik. Yəni güya Məhəmməd dayını təşviq edirlər”.

Cəfərli bildirib ki, heyvanın çəkisini 350 kiloqramdan 600-700 kiloqrama çatdırmaq üçün əlavə yem xərcləri kifayət qədər yüksəkdir.

Onun hesablamasına görə, ətlik üçün bəslənən dana gündə orta hesabla 25-50 kiloqram ümumi yem – ot, silos və qüvvəli yem qarışığı istehlak edir. Bu zaman yalnız qüvvəli yem və kəpəyə gündə 2,5-4 manat, qaba yemə 1,5-2,5 manat, silos, çuğundur jomu və mineral qatqılara isə 0,5-1 manat xərclənir.

“Cəmi günlük xərc 4,5-7,5 manat, aylıq isə təxminən 140-220 manat edir. Məhəmməd dayı danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600+ kiloqrama çatdırmaq üçün ildə hardasa 1500-2000 manat xərcləməlidir. Hələ bunun əziyyətini, zülmünü demirəm. Axırda isə ingilisdilli məmurlar ona 240 manat verəcəklər”, – deyə iqtisadçı vurğulayıb.

Natiq Cəfərli qərarın hazırlanmasına ironik yanaşaraq belə yazıb:

“Şəhərdə böyüyən, camışa “əjdaha” deyən nəslin, ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələri belə bir subsidiyalaşma düşünüblər…”

Elmar

Gununsesi.info