“Elm və din üz-üzə qoyulmamalıdır” -TURAL İRFAN

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 14:13

Elmlə dini üz-üzə qoymaq doğru deyil. Hərəsinin öz yeri var. Dinə ikrah yaratmaq üçün elmi dinə qarşı qoyurlar. Guya dünyadakı bütün mənfi halların səbəbkarı din yaxud dinlərmiş. Bu, yanlış, qərəzli subyektiv yanaşmadır.

Bu gün bəşəriyyəti təhdid edən nüvə silahını din yaxud hansısa peyğəmbər icad etməyib. Nə Stalin nə də Hitler dindar, inanclı deyildi. Naqasaki və Hiroşimaya 1945-ci ildə atom bombasını da peyğəmbərlər atmayıb. Nə də o silah hansısa müqəddəs kitabın nəzəriyyəsi əsasında hazırlanmayıb. Əgər dində müəyyən problemlər varsa, bu heç şübhəsiz elmdə də var.

Filosoflar Əl Kindi, Cahiz, Əbu Nəsr Fərabi, İbn Rüşd və başqaları dinin heç də elmdən uzaq olmadığını isbatlayırdılar. Din sadəcə istiqamətdir. Yerdə qalan detalları artıq elm, ağıl müəyyən edir. Əks halda gərək hazırda hər ölkədə bilavasitə Allahla hər gün rabitədə olan bir peyğəmbər olaydı. Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz, olmur da. Ona görə Quranın mesajları elm sayəsində, ağıl vasitəsi ilə tətbiq olunmalıdır.

Elm faydalı istifadə olunduqda dəyər qazanır. Din elmə istiqamət verir. Doğru istiqamət olmayanda alim bəşəriyyət üçün faydalı şey deyil, kütləvi qırğın silahının layihəsini hazırlayacaq. Din düzgün istiqamət verəndən sonra Muhəmməd Peyğəmbər demiş, elm üçün lap Çinə də getmək olar. Hansısa dahinin belə bir sözü var ki, elmsiz din topal, dinsiz elm kordur.

Bəli, elm olmasa din də inkişaf edə bilməz, yalnız doqmatik proqram üzrə standart orta əsr adətlərini dövrə daşıyar və bəşəri inkişafdan saxlayar. Dinlər niyə orta əsrlərdəki kimi sürətlə yayılmır? Çünki o dövrdə dini ya elmlə dini uzlaşdırıb izah edənlərin sayəsində anlayaraq ya da tam cəhalət uchatından kor-koranə qəbul edirdilər.

Lakin sonra dinin üzünə reform qapısını bağladılar və elmlə din əks cəbhələrdə yer aldı. Dinsiz elm isə zəlalətə aparan ən asan yoldur. Dinsiz elm savadlı, təhsilli, lakin vicdansız, ləyaqətsiz adam kimidir. Elm əxlaqi, mənəvi dəyərlərlə paralel şəkildə inkişaf etməlidir. Din də elmi tənqidlərə açıq olmalıdır ki, zamanla ayaqlaşsın

 

Tural İrfan

Dinşunas

Gununsesi.info