Gündəlik həyatda tez-tez belə hallarla qarşılaşırıq: kimsə zəng edib başqa bir şəxsin telefon nömrəsini istəyir və biz də həmin şəxsin nömrəsini ona təqdim edirik.
Bəs bu, hüquqi baxımdan nə dərəcədə düzgündür? Başqasının telefon nömrəsini onun razılığı olmadan üçüncü şəxsə vermək olarmı?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, telefon nömrəsi konkret şəxslə əlaqələndirilə bildiyi üçün fərdi məlumat kimi qiymətləndirilə bilər:
“Məsələn, kimsə mənə zəng edir və tanıdığım başqa bir şəxsin telefon nömrəsini istəyir. Əsas məsələ həmin telefon nömrəsinin sahibinin razılığının olub-olmamasıdır. Telefon nömrəsi şəxsi müəyyən etməyə imkan verən məlumat olduğundan, konkret şəxsin nömrəsinin üçüncü şəxsə verilməsi “Fərdi məlumatlar haqqında” qanunun tələbləri baxımından qiymətləndirilə bilər. Əgər şəxs öz nömrəsinin başqa şəxslərə verilməsinə razılıq veribsə və ya həmin nömrəni açıq şəkildə yaymağa icazə veribsə, bu halda problem yaranmaya bilər. Amma belə razılıq yoxdursa, sadəcə “mən tanıyıram, nömrəsini də bilirəm” deyərək onun əlaqə məlumatını üçüncü şəxsə ötürmək hüquqi baxımdan risklidir. Burada bir məqamı da nəzərə almaq lazımdır. Məlumatın verilməsi ilə həmin məlumatdan istifadə edilməsi eyni məsələ deyil. Məsələn, nömrəni alan şəxs həmin şəxsi narahat edə, təhdid edə və ya başqa məqsədlə istifadə edə bilər. Buna görə də nömrənin sahibinin iradəsi nəzərə alınmalıdır. Ümumiyyətlə, ən doğru yanaşma nömrəni birbaşa vermək əvəzinə, nömrəsini istəyən şəxsin əlaqə məlumatını nömrə sahibinə çatdırmaq və onun özünün qərar verməsinə imkan yaratmaqdır. Çünki qanunvericilikdə fərdi məlumatların verilməsi və işlənilməsi müəyyən hüquqi əsaslara bağlanır”-, deyə o bildirib.
Elmar












