Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə edib, ikitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılığa gəliblər.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev hesab edir ki, Putin-Əliyev telefon danışığı Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin fonunda xüsusi diqqət çəkir.
Onun sözlərinə görə, liderlər sonuncu dəfə Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti çərçivəsində görüşüblər.
Rzayev həmin görüşün qısa və ayaqüstü xarakter daşıdığını, buna baxmayaraq tərəflərin cari vəziyyəti müzakirə etdiyini qeyd edib.
Politoloq Rusiyanın Azərbaycana münasibətinin birmənalı olmadığını vurğulayıb.
Onun fikrincə, Rusiya media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə təxribat, təhqir və təhdid xarakterli açıqlamalar səslənsə də, Kreml səviyyəsində Bakı ilə münasibətlərin qorunmasına maraq qalır.
Rzayev Putinin Qarabağla bağlı son açıqlamasını da bu kontekstdə dəyərləndirib. Putin Azərbaycanın Qarabağ üzərində suverenliyini vurğulayaraq, İlham Əliyevin bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarını təmin edə biləcək müasir və ziyalı siyasətçi olduğunu bildirib.
Politoloqun fikrincə, Moskva ilə Bakı arasındakı münasibətlərdə əsas problem Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və regional güc kimi mövqeyini möhkəmləndirməsidir.
“Azərbaycan müstəqil xarici siyasət yürüdür, geosiyasi reallıqları nəzərə alaraq balansı qoruyur və regional güc statusuna yetişib. Bakının geosiyasi mövqeyindən maksimum istifadə edərək böyük layihələrdə həlledici aktora çevrilməsi və bunun verdiyi inamla daha cəsarətli addımlar atması Kremlin ürəyincə deyil”, – deyə Rzayev qeyd edib.
O, həmçinin bildirib ki, Bakı Rusiya ilə münasibətləri radikal şəkildə pozmasa da, narazı qaldığı məsələlərdə mövqeyini açıq şəkildə ifadə edir və Moskvadan konkret gözləntilərini ortaya qoyur.
Orxan












