Bu universitetdə hansı tanınmış simalar təhsil alıb? – SİYAHI

  • Müəllif: Şəbnəm
  • 09 Sentyabr 2026 10:43

Azərbaycan Dillər Universiteti (ADU) ölkənin ictimai-siyasi, diplomatik, təhsil, mədəniyyət və idman həyatında mühüm iz qoyan kadrların yetişdiyi ali təhsil ocaqlarından biridir.

Gununsesi.info xəbər verir ki, universitetin məzunları arasında dövlət idarəçiliyindən diplomatiyaya, təhsildən mədəniyyət və idmana qədər müxtəlif sahələrdə tanınan çoxsaylı şəxslər yer alır.

ADU məzunları sırasında Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, diplomatlar Əli Əlizadə, Vaqif Sadıqov, deputatlar Günay Ağamalı, Lalə Məmmədova, Razi Nurullayev, Sevil Mikayılova, Şahin İsmayılov, Ülviyyə Ağayeva, Könül Nurullayeva və Səbinə Xasiyeva kimi ictimai-siyasi xadimlər var.

Universitetin məzunları yalnız dövlət və diplomatiya sahəsi ilə məhdudlaşmır.

ADU-nun yetişdirdiyi kadrlar ictimai sektor və vətəndaş cəmiyyəti institutlarında da fəaliyyət göstərirlər. QHT sektorunun nümayəndələrindən Aygün Əliyevanın da adı universitetin məzunları sırasında qeyd olunur.

İdman sahəsində isə ADU məzunları arasında beynəlxalq arenada uğurları ilə seçilən şahmatçı Ülviyyə Fətəliyeva xüsusi diqqət çəkir.

Təhsil sahəsində də universitet məzunlarının təmsilçiliyi genişdir. Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov ADU məzunları arasında yer alan tanınmış təhsil xadimlərindəndir. Mədəniyyət sahəsində isə universitetin məzunları sırasında müğənni Aysel Teymurzadə diqqət çəkir.

Diplomatiya istiqamətində fəaliyyət göstərən gənc kadrlardan biri də ADU məzunu Vüsal Hümbətzadədir. Bütün bunlar Azərbaycan Dillər Universitetinin yalnız dil və tərcümə sahəsində deyil, ölkənin ictimai-siyasi və diplomatik kadr potensialının formalaşmasında da mühüm rol oynadığını göstərir.

Müxtəlif sahələrdə fəaliyyət göstərən ADU məzunlarının uğurları universitetin ölkənin aparıcı ali təhsil müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

 

 

Vüsal 

Gununsesi.info