Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

  • Müəllif: Orxan
  • 09 Sentyabr 2026 13:55

Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində mühüm addımlar atıb.

Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Vaşinqtonda imzalanmış birgə bəyanata əsasən, sülh sazişinin paraflanmasından sonra prosesin yekunlaşdırılması üçün bir sıra addımların atılması nəzərdə tutulur.

“Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün ehtiyac olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir.

Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan planlar barədə də yeni mesajlar verir. Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Gununsesi.info