Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələrin hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə husilərə qarşı hərbi əməliyyatlara başlaması bölgədə vəziyyətin yenidən gərginləşməsi ehtimalını artırıb.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev bildirib ki, hökumət qüvvələri əməliyyatlar çərçivəsində bir sıra uğurlar əldə etsə də, əsas hədəf 2014-cü ildən husilərin nəzarətində olan paytaxt Sənanın geri alınmasıdır.
Onun sözlərinə görə, Yəməndə gərginliyin artacağı əvvəlcədən gözlənilən idi.
Rzayev qeyd edib ki, “The Guardian” avqustun əvvəlində Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını yazıb. Eyni zamanda, Ər-Riyadın Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkənin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması ideyasını dəstəklədiyi bildirilib.
Politoloq həmçinin hesab edir ki, husilərin məğlub edilməsi regional baxımdan mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, HƏMAS-ın hərbi imkanlarının böyük ölçüdə sıradan çıxarılması, Livanda “Hizbullah”ın zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın regiondakı əsas müttəfiqlərindən biri husilər olaraq qalır.
Rzayevin sözlərinə görə, husilərin Bab əl-Məndəb boğazının fəaliyyətinə mane olmaq ehtimalı və bunun beynəlxalq ticarət üçün yarada biləcəyi risklər də onlara qarşı təzyiqin artmasına səbəb olub.
“Husilər Səudiyyə Ərəbistanı üçün də ciddi təhlükə mənbəyi idi. Xüsusilə neft obyektlərinin vaxtaşırı vurulması Ər-Riyadı məsələyə əsaslı həll yolu tapmağa məcbur edirdi”, – deyə o vurğulayıb.
Bununla belə, o hesab edir ki, hökumət qüvvələrinin son irəliləyişləri husilərin hərbi baxımdan məğlub edildiyi anlamına gəlmir.
Orxan












