Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - VİDEO

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2026 10:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İsmayılova İradə Nürədin qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Gununsesi.info