Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə tanınmış vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, prosesdə Zabil Qəhrəmanovu vəkillər Kamran Əlizadə və Səadət Seyidli müdafiə edib.
Məhkəmə iclasında istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs kimi tanınan Kəlbəcər sakini Etibar Hüseynovun ifadəsi dinlənilib və tərəflər arasında üzləşdirmə aparılıb.
İttihamın mahiyyətinə görə, Etibar Hüseynov istintaqa müraciətində Zabil Qəhrəmanovun müxtəlif orderlər əsasında ondan ümumilikdə 5 min manat pul aldığını, lakin həmin işlər üzrə gözlənilən nəticənin əldə olunmadığını bildirib.
Hüseynov nəticə əldə edilmədiyini əsas gətirərək ödədiyi vəsaitin geri qaytarılmasını tələb etdiyini deyib.
Zabil Qəhrəmanov isə məhkəmədə bu iddialarla razılaşmayıb.
Vəkil bildirib ki, Etibar Hüseynov və onun qardaşı vaxtilə mal-qara oğurluğu ilə bağlı cinayət işi üzrə həbs ediliblər və həmin dövrdə onların müdafiəsini o həyata keçirib.
Qəhrəmanovun sözlərinə görə, Yevlaxda saxlanıldıqları zaman Hüseynov qardaşlarının işgəncəyə məruz qalması barədə məsələni ictimailəşdirib, aidiyyəti dövlət orqanlarına müraciətlər edib və onların hüquqlarının müdafiəsinə çalışıb.
Zabil Qəhrəmanov bildirib ki, normal halda vəkilin beş ayrı-ayrı order üzrə almalı olduğu qonorarın daha yüksək məbləğ təşkil etdiyini nəzərə alaraq, Etibar Hüseynovun maddi vəziyyətinə görə ona güzəşt edib.
O, həmçinin qeyd edib ki, Etibar Hüseynovun qardaşı qəsdən adam öldürmə ittihamı ilə həbs edildikdən sonra onun müdafiəsi üçün Yevlaxdakı istintaq, Şəki Ağır Cinayətlər Məhkəməsində, Şəki Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə dəfələrlə iştirak edib.
Qəhrəmanovun sözlərinə görə, aldığı qonorarlar çəkdiyi xərcləri belə tam qarşılamayıb:
“Mən bunu qazanc üçün etməmişəm. Onun maddi imkanının olmadığını nəzərə almışam. Həm də həmyerlimdir, kasıbçılığına görə ona dəstək olmuşam”.
Proses zamanı Etibar Hüseynovla Zabil Qəhrəmanov arasında mübahisə yaranıb. Hüseynovun vəkilə qarşı nalayiq ifadələr işlətməsindən sonra məhkəmə zalında gərginlik yaşanıb.
İclas zamanı hakim Ülkər Babazadənin zərərçəkmiş tərəfin mövqeyinə müdaxilə etdiyi ilə bağlı Zabil Qəhrəmanov tərəfindən etiraz səsləndirilib.
Vəkil hakimə müraciətlə:
— Siz prosesi idarə edə bilmirsiniz. Orada niyə oturmusunuz? — deyə etiraz edib.
Məhkəmə prosesdə yaranmış qarşılıqlı ittihamlar və gərginlik səbəbindən bir neçə dəfə fasilə elan edib.
“Mən dələduzamsa, niyə pulunu geri qaytardım?”
Növbəti üzləşmə zamanı Zabil Qəhrəmanov Etibar Hüseynova bir sıra suallar ünvanlayıb.
Qəhrəmanov:
— Xatırlayırsanmı, bayram günlərindən biri idi. Gəlib mənə 300 manat verdin. Mən həmin vaxt sənə nə dedim?
Hüseynov:
— Dediniz ki, apar, qardaşının uşaqlarını xərclə.
Zabil Qəhrəmanov:
— Bəs yaxşı, mən dələduzamsa, o zaman sən verdiyin pulu niyə geri qaytarardım? Ümumiyyətlə, mən sənin pullarını aldığım vaxt vəkil kimi fəaliyyətimdən narazı qalmısan?
Etibar Hüseynov:
— Yox, narazı qalmamışam. Amma nəticə olmayıb.
Zabil Qəhrəmanov:
— Nəticəni axı məhkəmə verir. Mən nəticəni vermirəm.
Məhkəmə iclasında Qəhrəmanov və onun müdafiəçilərinin sualları ətrafında tərəflər arasında qarşılıqlı mübahisə davam edib.
Məhkəmədə ifadə və üzləşmə başa çatdıqdan sonra Etibar Hüseynov məhkəmə zalını tərk edib.
Qeyd edək ki, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.
Zabil Qəhrəmanov ittihamları rədd edir, həbsini peşə faəliyyəti ilə bağlayır.
Elmar










