Azərbaycanın Milli İstiqlal şairi Əhməd Cavadın nəvəsi Anar Axundazadə 15 Sentyabr – Bakının Qurtuluş Günündən yazıb.
Gununsesi.info həmin yazını təqdim edir:
Bəzi tarixlər sadəcə xatırlanmır — nəsildən-nəslə ötürülür, yaddaşdan yaddaşa, ürəkdən ürəyə keçir. 15 Sentyabr 1918-ci il.
Bakı erməni-bolşevik silahlı birləşmələrinin işğalından azad edildi. Azərbaycanın bayrağı paytaxt Bakıda dalğalandı. Həmin günlərin ruhunu Əhməd Cavad əzəmətli ifadə etmişdir:
“Bayrağıma xain baxan,
Xain gözə mən tikanam!”
Həmin misraların mənası başqa bir Zəfərin işığında möhtəşəm görünür:
2020-ci ildə Qarabağ erməni işğalından azad edildi.
1918-də Bakı Zəfəri ilə yazılan tarixi salnamə, 2020-ci ilin Qarabağ Zəfəri ilə yeni və möhtəşəm bir səhifə qazandı.
Bir əsrdən artıq zaman keçdi. Nəsillər dəyişdi, tarixin sınaqları dəyişdi.
Amma milli ruhun varlığı qorundu.
Bakı uğrunda döyüşən qəhrəmanların iradəsi ilə Qarabağda Zəfər bayrağını ucaldan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi və Vətən övladlarının şücaəti arasında 108 illik zaman məsafəsi deyil, milli şüurun təntənəsi və eyni igidlik, fədailik ruhunun təcəssümü var.
Əhməd Cavadın digər misralarında səslənən əbədi inam bu gün daha aydın görünür:
“Qalxıb bir daha enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir bil!”.
108 il əvvəl Bakıda ucaldılan bayrağımız, bu gün Şuşada, Xankəndidə, Qarabağın hər güşəsində dalğalanır.
Bu gün 15 Sentyabrı qeyd edərkən 1918-ci ilin qəhrəmanlarını, Azərbaycan və Qafqaz İslam Ordusunun şəhidlərini və Qarabağ uğrunda canından keçən bütün Vətən övladlarını rəhmət və dərin ehtiramla yad edir, igid qazilərimizə sonsuz şükranları bildiririk. 15 Sentyabr Bakı Zəfərinin 108-ci ildönümü mübarək olsun!
Azərbaycan daim var olsun!
Bayrağımız daim ucalarda dalğalansın!🇦🇿
Elmar
Gununsesi.info












