Azərbaycanda hazırda İkinci Dünya müharibəsinin 10 iştirakçısı yaşayır.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gununsesi.info–nun sorğusuna cavab olaraq məlumat verib.
DSMF-dən bildirilib ki, hazırda ölkə üzrə İkinci Dünya müharibəsi iştirakçısı olan 10 nəfərin hamısı aylıq pensiya və təqaüdlə təmin edilir. Onların pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq əlavələr də hesablanır.
Qeyd olunub ki, hər il 9 May – Qələbə Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu kateqoriyadan olan vətəndaşlara birdəfəlik maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalanır.
2026-cı ildə də İkinci Dünya müharibəsi iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödənilib. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və digər müəyyən edilmiş kateqoriyalara isə 1500 manat birdəfəlik yardım verilib.
DSMF əlavə edib ki, ötən dövr ərzində İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı da həyata keçirilib.
Vüsal Artyom












