Xocalı faciəsinin 9 yaşlı Ləfxanımı 34 il sonra doğma yurduna qayıtdı

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2026 10:55

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova doğma yurduna, Xocalıya qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub:

L.Mahmudova qeyd edib ki, 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etsə də, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:

“Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun”.

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Hamımızın Ləfxanım kimi tanıdığımız Nərgiz Mahmudova 34 ildən sonra doğma evində, elindədir.

 

Gununsesi.info