“BMT tribunasında müxtəlif etirazlar, etiraz aksiyaları baş verir. Bu, Sovetlər dövründə də olub, sonrakı dönəmlərdə də baş verib, indi də olur. Burada qeyri-adi heç nə yoxdur.
Vaxtilə Afrikanın nümayəndələri, yaxud Fransanın, Amerikanın və ya başqa bölgələrin, onlara qarşı müstəmləkə siyasəti aparan dövlətlərin rəsmiləri çıxış edəndə etirazlar və təhdidlər olurdu. Bu, məntiqsiz də deyil”.
Gununsesi.info bildirir ki, bunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib:
“BMT daha çox dövlətlərin öz dərdlərini danışdığı tribunaya çevrilib. Onun sanksiya tətbiq etmək imkanı yoxdur və bu çərçivədən kənara çıxa bilmir. Bunları biz Azərbaycan torpaqları işğal altında olduğu 28 ildən artıq bir dövrdə də müşahidə etmişik.
Ona görə BMT tribunasında deyilənləri mütləq şəkildə qəbul etmək və ya orada çıxış edən tərəflərdən hansınınsa – İsrailin, yaxud İranın – dediklərini tamamilə doğru hesab etmək obyektiv sayılmır.
İran İslam Respublikası yarandığı gündən onun əsas şüarlarından biri “Amerikaya ölüm, İsrailə ölüm” olub. İran rəhbərləri İsraili dünyanın siyasi xəritəsindən silməyi məqsəd kimi qarşılarına qoyublar.
Bunun üçün də həmin istiqamətdə fəaliyyət göstəriblər. Fəaliyyət təkcə ideoloji düşüncə sistemini yaymaqdan ibarət olmayıb. Həm də konkret silahlı qruplaşmalar, silahlı dəstələr, terror qruplaşmaları və sair formalaşdırılıb.
Məsələn, Livanın cənub hissəsində Hizbullah qruplaşmasının yerləşməsi və həmin əraziyə nəzarət etməsi, İranın Livanın həmin hissəsində təsirinin olması deməkdir. 2006-cı ildən Qəzza zolağının HƏMAS-ın əlində olması və Qəzza zolağına İranın nəzarət etməsi ilə bağlı fikirlər səsləndirilir. Digər bir misal isə husilərin Yəməndə nəzarət etdiyi ərazilərdir. Yəmən əhalisinin təxminən 70 faizinin yaşadığı ərazinin husilərin nəzarətində olması, eyni zamanda İranın həmin əraziyə təsirinin olması deməkdir.
İran özünü yazıq kimi göstərir: “Bizi öldürürlər, qırırlar, nə edirlər…” Bəs sən camaatın torpağına niyə müdaxilə edirsən? Livanda nə işin var sənin? Fələstində nə işin var? Yəməndə nə işin var? Qoyun insanlar özləri öz seçimlərini etsinlər.
Pekin dörd maddəlik prinsip irəli sürür. ABŞ ilə danışıqlar üçün ərazi bütövlüyü və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri burada əsas məsələlərdəndir”.
O əlavə belə olan halda heç bir dövlətin işlərinə qarışmamalıdır:
“İran niyə Yəmənin daxili işlərinə qarışır? Niyə Livanın daxili işlərinə qarışır? Niyə İran imkan vermir ki, Livanla İsrail öz sərhədlərini müəyyənləşdirsinlər? Niyə Fələstinin İsraillə yaxınlaşmasına, müzakirələrin aparılmasına və digər məsələlərə maneələr yaradılır?
Ona görə İran heç də yazıq tərəf deyil. İran üçün başqa bir alternativ də deyək.
Ukraynanın mülki təyyarəsini İran ərazisində kim vurdu? 200-dən çox insanı İran öldürdü, SEPAH öldürdü və bu günə qədər nə təzminat verib, nə də üzr istəyib.
Hər ikisi yanlışdır, hər ikisi faciədir. Amma hər ikisinin öz arqumentləri var. Ona görə Pezeşkianın tribunadakı o şəkil oyunu insanların həssaslığına, insansevərliyinə, humanistliyinə oynanılmış bir addımdır.
Fələstin xalqını bugünkü vəziyyətə salanlardan biri İran hakimiyyətidir.
Niyə Fələstin insanlarına silah, atəş, bomba, top, raket verib İsrailə qarşı döyüşdürür, amma Fələstin xalqının oxuması, orada yaşaması və daha firavan həyat sürməsi üçün başqa işlərlə məşğul olmurlar?
Niyə Fələstinin torpağının altı tunellərlə doludur? Nə qədər pullar xərclənir? Bu pulların axı hamısı İran vətəndaşının puludur. Niyə xərclənməlidir?
Niyə dünyanın ən varlı dövlətlərindən biri olan İranın vətəndaşı bu gün qapı-qapı düşüb Avropada mühacirət üçün sığınacaq alsın və ona aşağılanmış şəkildə Qərb vətəndaşı baxsın? Niyə?
Çünki bu, hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir”.
Günay











