Bu gün Azərbaycan energetika və qazlaşdırma sahəsində uzun illər səmərəli fəaliyyəti, peşəkarlığı və zəngin idarəçilik təcrübəsi ilə seçilən Vidadi Həsənovun doğum günüdür.
Ömür yolunun 70 illiyini qeyd edən Vidadi Həsənovun həyat yolu yarım əsrdən artıq zəngin əmək fəaliyyəti, fədakarlıq və quruculuq ənənələri ilə səciyyələnir. O, uzun illər ərzində qaz sənayesinin inkişafına töhfələr verib, öz peşəkar fəaliyyəti ilə həmkarlarının hörmətini və etimadını qazanıb.
Vidadi müəllimin əmək fəaliyyəti “Azəriqaz” İstehsalat Birliyinin inkişafı, xüsusilə də ölkənin qaz infrastrukturu və tikinti-quraşdırma sahəsində həyata keçirilən mühüm işlərlə sıx bağlıdır. Onun rəhbərlik təcrübəsi, işinə məsuliyyətli yanaşması və mürəkkəb məsələlərin həllində nümayiş etdirdiyi peşəkarlıq uzun illər ərzində formalaşmış zəngin təcrübənin nəticəsidir.
Vidadi Həsənovun ölkənin enerji sektoruna verdiyi töhfələr dövlət və sahə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. O, “Rəşadətli əməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub, SOCAR tərəfindən “Fəxri neftçi” adına layiq görülüb. Eyni zamanda, “Azərbaycan Respublikasının əmək veteranı” adına, “Azəriqaz” İB-nin baş direktorunun və SOCAR prezidentinin fəxri fərmanlarına layiq görülüb. Onun əməyinə verilən qiymətlər sırasında “Xalqın dəyərli ziyalısı” fəxri diplomu da xüsusi yer tutur.
Vidadi müəllimin peşəkar fəaliyyətində yeni bir mərhələ isə onun rəhbərliyi ilə fəaliyyətə başlayan “AzQaz Tikinti Quraşdırma” MMC qazlaşdırma və tikinti-quraşdırma sahəsində yeni layihələrin həyata keçirilməsidir. O, müasir mühəndislik həllərinin tətbiqini və təhlükəsiz infrastrukturun qurulmasını qarşıında məqsəd kimi qoymuşdu.
Məhz şirkətin fəaliyyət strategiyasının əsasında Vidadi Həsənovun illər ərzində qazandığı təcrübə, dəqiqlik, intizam və keyfiyyət prinsipləri dayanıb.
Strateji obyektlərin qazlaşdırılmasından müasir yaşayış komplekslərinin, sənaye və kommersiya obyektlərinin qaz təchizatınadək geniş fəaliyyət istiqamətlərini əhatə edən bu təşəbbüs onun quruculuq ənənələrinin davamı kimi dəyərləndirilə bilər.
Vidadi müəllimin həyat və fəaliyyət yolu bir daha göstərir ki, peşəkarlıq yalnız qazanılan təcrübə ilə deyil, həm də həmin təcrübəni yeni nəsillərə ötürmək, yeni işlərə imza atmaq və cəmiyyət üçün faydalı layihələr həyata keçirmək əzmi ilə ölçülür.
Əziz Vidadi müəllim!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və tükənməz enerji arzulayırıq. Arzu edirik ki, həyatınızın yeni yaş mərhələsi yeni uğurlar, xoş xəbərlər və əlamətdar nailiyyətlərlə yadda qalsın.
Gununsesi.info












