İqtisadçı Natiq Cəfərli gələn il ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artımın davam edə biləcəyini bildirərək, əhalinin gəlirlərinin artırılması ilə yanaşı iqtisadi aktivliyin və rəqabətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli qeyd edib ki, maaş, pensiya və müavinətlərin artırılması ilə paralel olaraq yerli istehsal və idxalın həcmi, eləcə də bazarda rəqabət də artırılmalıdır.
Onun sözlərinə görə, əks halda qiymət artımı nominal gəlir artımını kompensasiya edə və vətəndaşların real alıcılıq qabiliyyəti yüksəlməyə bilər.
“Bu, qızıl qaydadır. Vətəndaşlarımızın rifahı real gəlirlər artanda yüksəlir, nominal artım gündəlik dolanışığa təsir etmir”, – deyə iqtisadçı vurğulayıb.
Cəfərli maaş, pensiya və müavinət artımının müsbət addım olduğunu qeyd edərək, bu artımların daha yüksək olmasını arzuladığını bildirib. O, eyni zamanda iqtisadi aktivlik, rəqabət və istehsalın da paralel şəkildə artırılmasının vacibliyini diqqətə çatdırıb.
“Əlbəttə ki, maaş-təqaüd-müavinət artımı çox müsbət xəbərdir, təki daha çox artsın. Amma paralel olaraq iqtisadi aktivlik, rəqabət, istehsal da artmalıdır ki, vətəndaş bu dəyişikliklərə ürəkdən sevinsin”, -deyə Natiq Cəfərli yazıb.
Elmar












