Nazim Bəydəmirli “zon”a buraxılmır -SABİQ DEPUTAT 5 AYDIR Kİ, KARANTİNDƏDİR

Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra təxminən 5 aydır karantində saxlanılır.

Gununsesi.info-nun məlumatına görə, bu barədə sabiq deputatın yaxınları məlumat veriblər.

Bildirilib ki, Nazim Bəydamirli əvvəllər 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Həmin dövrdə onun iş adamı Sahib İbrahimovun təxribatları ilə üzləşdiyi bildirilir.

Daha sonra sabiq deputat başqa cəzaçəkmə müəssisəsinə köçürülüb. Lakin onun yeni müəssisəyə gətirilməsindən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də karantində saxlanıldığı qeyd olunur.

Nazim Bəydəmirlinin bu qədər uzun müddət karantində saxlanılmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, mövcud qaydalara əsasən, cəzaçəkmə müəssisəsinə yeni qəbul edilən məhkumlar üçün karantin müddəti 15 gün müəyyən edilib. Nazim Bəydamirlə bağlı vəziyyətdə isə bu müddətin dəfələrlə artıq davam etdiyi bildirilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Qeyd edək ki, Nazim Bəydəmirlinin özünün şikayətçi olduğu iş sonunda onun özünə qarşı çevrilib.

Günay Mahirqızı

Gununsesi.info