İlham Əliyevin mesajı xarici tərəfdaşlara yönəlibmi? – Elnarə Akimovadan AÇIQLAMA

  • Müəllif: Orxan
  • 05 Oktyabr 2026 13:11

“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

“Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb. suallar çıxart burdan

Maraqlıdır, bu açıqlama Azərbaycanın xarici tərəfdaşlarına yönəlmiş mesaj kimi qiymətləndirilə bilərmi?

Bu barədə saytımıza Milli Məclisin deputatı Elnarə Akimova açıqlama verib.

O bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil” fikri  Azərbaycanın son illərdə keçdiyi yolun siyasi fəlsəfəsini ifadə edən mühüm mesajdır:

“Bu sözlərin ünvanı da aydındır: Azərbaycan öz dövlətçiliyini kiminsə himayəsi üzərində qurmayıb. Bir milyon qaçqının taleyi qarşısında dünya susanda da, Azərbaycan ordusunu qurmaq və silahlandırmaq lazım gələndə də bu ölkə öz gücünə arxalanıb. Silahını pulla alıb, müdafiə sənayesini yaradıb, ordusunu müasirləşdirib və nəhayət, öz ərazi bütövlüyünü özü bərpa edib. Burada xüsusilə bir məqamı ayırmaq lazımdır. Azərbaycanın “heç kimin himayəsinə ehtiyacımız yoxdur” deməsi “dostluqlara ehtiyacımız yoxdur” demək deyil. Azərbaycan üçün dost başqa, himayədar başqadır. Dostluq qarşılıqlı hörmətə, bərabərliyə və sədaqətə söykənir; himayədarlıq isə bir tərəfin digərinə yuxarıdan baxmasını nəzərdə tutur. Elə buna görə də bu fikirdən Türkiyə ilə Azərbaycan arasındakı münasibətə kölgə salmaq istəyənlərin nəticə çıxarması mümkün deyil. Azərbaycan–Türkiyə münasibətləri heç vaxt himayədar–himayə olunan münasibəti olmayıb”, – deyə o, həmçinin bildirib.

Akimova eyni zamanda qeyd edib:

“Bu münasibət qardaşlıq, strateji müttəfiqlik və qarşılıqlı güvən üzərində qurulub. Türkiyə Azərbaycanın çətin günündə yanında olub. Azərbaycan da Türkiyənin ağrısını öz ağrısı, sevincini öz sevinci bilib. Zəlzələ zamanı Bakıdan Ankaraya, Qarabağ məsələsindən beynəlxalq tribunadakı qarşılıqlı dəstəyə qədər bu qardaşlığın sözlə deyil, əməllə təsdiqlənmiş çoxsaylı nümunələri var. Ona görə də kimlərsə Azərbaycan Prezidentinin bu fikirlərini Türkiyə ilə münasibətlərə qarşı qoymağa, iki qardaş ölkənin arasına şübhə salmağa çalışırsa, boşuna cəhd edir. Çünki Azərbaycanın müstəqil siyasəti Türkiyəyə qarşı deyil, məhz Azərbaycanı kiminsə siyasi himayəsinə möhtac göstərmək istəyən yanaşmalara qarşıdır. Azərbaycanın dostları var. Qardaşları var. Müttəfiqləri var. Amma sahibi yoxdur. Və Azərbaycanın bugünkü gücü də məhz bundadır: dostuna sadiq, müttəfiqinə etibarlı, öz qərarlarına isə sahib olan dövlət”.

Orxan

Gununsesi.info